Gürcüstan, Tbilisi, 24 fevral /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın azərbaycanlıların yaşadığı Marneuli şəhərində Xocalı faciəsinin qurbanları anılıb. Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfiriliyinin dəstəyi ilə keçirilib.
Azərbaycan xalqı fevralın 26-da erməni qoşunlarının şəhərə daxil olaraq yüzlərlə insanı, o cümlədən uşaq və qadınları qətlə yetirdiyi Xocalı faciəsinin qurbanlarını yad edir. Faciədə cəmi 613 nəfər həlak olub.
"Bu, yüzlərlə insanın, o cümlədən uşaq və qadınların tələf olduğu böyük faciədir və biz həmişə həlak olanlar üçün kədərlənərək, bu qurbanları və faciəni xatırlayacağıq", - jurnalistlərlə söhbətində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev deyib.
Sabah Azərbaycanın "Gürcüstan mənim vətənimdir" təşkilatı Tbilisidə Xocalı faciəsinin növbəti ildönümünə həsr edilən anım mərasimi keçirəcək.
"Birliyin təşkilati dəstəyi ilə Gürcüstandakı Azərvaycan QHT-lərinin və ölkə ictimaiyyətinin iştirakı ilə "dəyirmi masa" keçiriləcək. Tədbirdə ermənilər tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilən soyqırım tarixini əks etdirən fotoşəkillər və sənədli film nümayiş ediləcək.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.