...

Ermənilərin azərbaycanlı uşağı qətlə yetirməsi beynəlxalq aləm üçün siqnal olmalıdır - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2011 17:41 (UTC +04:00)
Beynəlxaq aləm Ermənistana qarşı sanksiya məsələsini gündəmə gətirməlidir. Bu barədə çərşənbə günü jurnalistlərə millət vəkili Zahid Oruc azərbaycanlı yeniyetmənin Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilməsinə münasibət bildirərkən deyib.
Ermənilərin azərbaycanlı uşağı qətlə yetirməsi beynəlxalq aləm üçün siqnal olmalıdır - deputat

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir T.Hacıyev/

Beynəlxaq aləm Ermənistana qarşı sanksiya məsələsini gündəmə gətirməlidir. Bu barədə çərşənbə günü jurnalistlərə millət vəkili Zahid Oruc azərbaycanlı yeniyetmənin Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

"Necə olur ki, Liviyada öz xalqına qarşı hansısa addımlar atan şəxsin əleyhinə dünyanın bütün gücləri birləşir, Kəddafiyə qarşı ən ağır sanksiyaları həyata keçirmək üçün tədbirlər həyata keçirirlər? Necə olur ki, bir rəhbərin öz xalqına qarşı davranışları beynəlxalq aləmin bu cür kəskin mövqeyinə səbəb olur, ancaq bir başqa ölkənin ərazisini ələ keçirən, on minlərlə insanın ölümünə səbəb olanlara qarşı sanksiya tətbiq olunmur? Belə çıxır ki, öz xalqına qarşı davranışlar beynəlxalq hüquqda daha ağır cinayət sayılır, başqa xalqa qarşı cinayət nisbətən yüngül cinayət sayılır?" - Oruc əlavə edib.

Millət vəkili hesab edir ki, ermənilərin açdığı atəş nəticəsində yeniyetmənin qətlə yetirilməsi beynəlxalq aləm üçün siqnal olmalıdır.

"Bu gün Ermənistana qarşı sanksiyalar gündəmə gəlməlidir. Nə qədər ki, işğalçı sanksiya rejimi ilə nəyəsə məcbur edilməyəcək, bu itkilər yenə də olacaq", - Oruc qeyd edib.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında qoruyucu bir təbəqə yoxdur.

"Sülhməramlı dəstələrin bu zonaya gətirilməsi və başqa təhlükəsizlik tədbirlərinin görülməsi ideyaları olub. Faktiki olaraq Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə hərbi qüvvələrini cəmləşdirib. Ona görə də imzalandığı gündən bu günə qədər atəşkəs formal xarakter daşıyıb. Atəşkəsin təminatı daha çox Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünə dayanıqlı bir məsələdir. Bu dediyimiz parametrlər üzrə Azərbaycan zəif olsaydı, bu itkilərimizin miqyası daha böyük olardı", - o vurğulayıb.

Millət vəkili deyib ki, regionda beynəlxalq missiyanı həyata keçirən, xüsusilə də ATƏT-in buradakı missiyasına rəhbərlik edən, kəşfiyyat strukturu kimi kifayət qədər Azərbaycanın coğrafi həyatına, hərbi imkanlarına bələd olan Anji Kaspşik, onun məlumat verdiyi dairələr, o cümlədən ATƏT-in bu regionda təhlükəsizlik missiyasını həyata keçirən qüvvələr bu hadisədən ciddi nəticə çıxarmalıdırlar.

"Hər an bu regiondakı proseslər idarəolunmaz bir səviyyəyə çata bilər. Yəni silahlı münaqişənin ikinci fazasının başlanması hər gün mümkündür", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti