...

Serj Sarkisyan: Kazan görüşünə konstruktiv danışıqlar aparmaq istəyi ilə gedirəm (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2011 17:10 (UTC +04:00)

Son beş abzas əlavə olunub (ilk xəbər saat 15:07-də yayılıb)

Fransa, Strasburq, 22 iyun /Trend, müxbir A.Məhərrəmli/

Ermənistan Prezidenti qarşıdan gələn Kazan görüşünə yaxşı əhval-ruhiyyə və konstruktiv danışıqlar aparmaq istəyi ilə getdiyini bildirib. Trend-in məlumatına görə, Prezident Serj Sarkisyan bunu AŞPA-nın yay sessiyasının üçüncü iş günündə AŞ-nin baş katibi Torbyorn Yaqlandla görüşündən sonra jurnalistlər üçün keçirilən brifinqdə Kazan görüşü ilə bağlı suala cavabında deyib.

"İndiki mərhələdə yalnız onu deyə bilərəm ki, qarşıdan gələn Kazan görüşünə yaxşı əhval-ruhiyyə və konstruktiv danışıqlar aparmaq istəyi ilə gedirəm. Tərəflərin bu məsələdə mövqeyi aydındır və hesab edirəm ki, indi tərəflərin baza prinsipləri haqqında yekun fikirlərini bildirməsi üçün çox yaxşı vəziyyət yaranıb. Danışıqların necə keçəcəyini və hansı nəticələrlə bitəcəyini gözləyək", - Sarkisyan deyib.

İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Mən tam əminliklə deyə bilmərəm ki, növbəti Kazan görüşündə 100 faiz nəticə əldə olunacaq. Bir şey aydındır ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün yaxşı formatdır. Mən Kazan görüşünə optimist düşüncə ilə gedirəm. Münaqişənin həlli uzunmüddətli sülhün əldə edilməsi üçün ədalətli olmalıdır. Kazan görüşü zamanı müzakirə olunacaq sənədlər üzərində çoxdandır ki, işləyirik. Bununla bağlı çoxlu görüşlər keçirilib. Əlbəttə ki, bu sənədlər Ermənistan tərəfinin tam arzusunu ehtiva etmir. Amma bu, danışıqlar prosesində irəli getməyə, ümumi sülh sazişinin imzalanmasına imkan verir", - Ermənistan Prezidenti deyib.

Ermənistan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin ölkəsi üçün önəmli məsələ olduğunu qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli bizim üçün önəmli məsələ olaraq qalır. Bu danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır", - Sarkisyan deyib.

Çıxışında Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Ermənistan Prezidenti iki il əvvəl iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində prosesin başlandığını və protokolların imzalandığını qeyd edib.

"İki il əvvəl iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində proses başlanıldı və protokollar imzalandı. Hazırda bu münasibətlərdə irəliləyişlər yoxdur. Onlar dalana dirənib. Türkiyə ermənilərə qarşı olan "soyqırım"ı hələ tanımayıb. İndiki mərhələdə Türkiyənin tutduğu mövqe protokolların ratifikasiya edilməsini qeyri-mümkün edir", - Sarkisyan deyib.

Xəbər lenti

Xəbər lenti