...

Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərini razılaşdırmağın vaxtı çatıb - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 16:46 (UTC +04:00)
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan sammitinin hansısa hiss olunacaq nəticəyə gətirməməsinə baxmayaraq, Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərini razılaşdırmağın vaxtı çatıb ki, bu regionda sülhə doğru yolda ilk addım olacaq.
Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərini razılaşdırmağın vaxtı çatıb - ekspert

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Y.Ostapenko /
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan sammitinin hansısa hiss olunacaq nəticəyə gətirməməsinə baxmayaraq, Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərini razılaşdırmağın vaxtı çatıb ki, bu regionda sülhə doğru yolda ilk addım olacaq. Trendin Ekspert Şurasının üzvü, avropalı ekspert Amanda Pol (Amanda Paul) hesab edir.

"Əsas prinsiplər barəsində danışıblar və onları uzun müddət ərzində müzakirə ediblər, beləliklə, onları razılaşdırmağın vaxtı çatıb", - Avropa Siyasət Mərkəzinin (Brüssel) Cənubi Qafqaz, Türkiyə və enerji təhlükəsizliyi məsələləri üzrə analitik Pol elektron poçt vasitəsilə Trend-ə bildirib.
Polun sözlərinə görə, hazırki statusun əlverişsiz olduğu aydındır.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.
"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.
"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar", - sənəddə qeyd olunur.

"Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi probleminin vacib olmasına baxmayaraq, ondan əbədi olaraq Azərbaycanın digər yeddi rayonunun işğalına və əhalinin köçürülməsinin davam etdirilməsinə haqq qazandırmaq üçün istifadə olunmamalıdır", - Pol deyib.
Onun sözlərinə görə, çünki tezliklə Minsk Qrupu ölkələrində, Ermənistanda da, Azərbaycanda da seçkiqabağı kampaniyaya başlanılacaq, impulsun saxlanması və belə sammitlərin keçirilməsinin davam etdirilməsi çox vacibdir.
"Bu ilin sonunadək əsas prinsipləri imzalamaq və razılaşdırmaq optimal variantdır. Bu iki ölkə ictimaiyyətinin güzəştlərə hazırlanmağa başlanması həmin prosesin bir hissəsi olacaq ki, bu da razılığın əldə olunması üçün mühümdür. Öz növbəsində beynəlxaql birlik münaqişəni gündəlikdə saxlamalı və irəliləyişə nail olmaq üçün iki ölkənin lideri ilə işləri davam etdirməlidir", - ekspert hesab edir.
Pol Kazanda irəliləyişin olmamasının "gərginliyin onsuz da yüksək olduğu" təmas xəttində gərginliyi mütləq gücləndirəcəyinə şübhə edir.
"Mən nə Azərbaycanın, nə də Ermənistanın müharibəni bərpa etməyi arzu etmədiklərinə və onların silaha əl atmaqdan və son illər ərzində atəşkəs rejimini pozmaqdan çəkinəcəklərinə qəti əminəm, aydındır ki, bu nə qədər çox davam edərsə, "insidentlər müharibəsi"nin başlama ehtimalı böyüyür, çünki atəşkəsin pozulması risqi nəzarət altından çıxır və artır", - ekspert əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti