...

Azərbaycanın ABŞ-dakı səfiri qondarma "DQR" ilə bağlı tədbirin keçirilməsinə etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2011 03:14 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qondarma "Dağlıq Qarabağ Respublikası"nın separatçı rejimi ilə bağlı tədbirin keçirilməsinə etiraz edib. Bu barədə Trend-ə Azərbaycanın Vaşinqtondakı səfirliyindən bildirilib.
Azərbaycanın ABŞ-dakı səfiri qondarma "DQR" ilə bağlı tədbirin keçirilməsinə etiraz edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev qondarma "Dağlıq Qarabağ Respublikası"nın separatçı rejimi ilə bağlı tədbirin keçirilməsinə etiraz edib. Bu barədə Trend-ə Azərbaycanın Vaşinqtondakı səfirliyindən bildirilib.

ABŞ Konqresindəki "Erməni məsələləri üzrə işçi qrup", Ermənistanın ABŞ-dakı səfirliyi və bir sıra Amerika erməni təşkilatlarının sentyabrın 13-də Vaşinqtonda keçirdiyi tədbirə etiraz əlaməti olaraq, Yaşar Əliyev sentyabrın 11-də Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünə məktubla müraciət etmişdir.

Məktubda Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktları qeyd olunmuş, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin heç bir dövlət tərəfindən tanınmadığı nəzərə çatdırılmışdır.

Həmçinin, sözügedən tədbirin təşkilatçılarının Konqres üzvlərinin və ABŞ ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalından yayındırmaq, işğalın nəticələrini möhkəmləndirmək məqsədi güddükləri vurğulanmışdır.

Bunları nəzərə alaraq, Səfir konqresmenləri ABŞ-ın strateji tərəfdarı olan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu tədbirdə iştirak etməməyə çağırmışdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti