...

Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın payız sessiyasında müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2011 23:06 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT Parlament Assambleyasının çənbə günü Xorvatiyanın Dubrovka şəhərində keçirilən sessiyasında müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Dağlıq Qarabağ münaqişəsi ATƏT PA-nın payız sessiyasında müzakirə olunub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Parlament Assambleyasının şənbə günü Xorvatiyanın Dubrovknik şəhərində keçirilən sessiyasında müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Sessiyada Azərbacan parlamentinin vitse-spikeri Bahar Muradova çıxış edib və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Cənubi Qafqaz regionunun inkişafına mənfi təsir edir. O, həmçinin erməni və azərbaycanlı ictimaiyyəti arasındakı dialoqun vacibliyini vurğulayıb və əlavə edib ki, dialoq tərəflər arasında etimadın yaranmasına səbəb ola bilər.

Sessiyada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradke və Rusiyadan olan həmsədri İqor Popov, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də çıxış ediblər. Onlar öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat veriblər. Qeyd olunub ki, münaqişənin həlli üç prinsipə - güc tətbiq etməmə, dövlətlərin ərazi bütövlüyünün qorunması və millətlərin öz müqəddəratlarını həll etməsi prinsiplərinə əsaslanır.

Kasprşik qeyd edib ki, bu günlərdə atəşkəs rejiminin pozulması nəticəsində üç nəfər hərbi qulluqçu həlak olub. O, qeyd olunan hadisə ilə əlaqədar ATƏT-in gələn həftə cəbhə xəttində yeni monitorinq keçirməsinin təklif edildiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinə vitse-spiker Bahar Muradova ilə yanaşı Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, həmçinin millət vəkilləri Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildir.

ATƏT PA-nın payız sessiyasında cənub-şərqi Avropa regionunun inkişafı, bu regionun ölkələri arasında əməkdaşlıq, həmin ölkələrin Avro-Atlantik məkana inteqrasiyası, Aralıq dənizi hövzəsində təhlükəsizliyin artırılması məsələsi müzakirə olunacaq.

ATƏT PA-nın payız sessiyası oktyabrın 11-də öz işini başa vuracaq.

Xəbər lenti

Xəbər lenti