Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.Tariverdiyeva/
RF XİN öz vətəndaşlarına xatırladır ki, Azərbaycan və Ermənistan tərəflərinin vətəndaşların gediş-gəlişi ilə bağlı mövqeyi həll olunmamış Dağlıq Qarabağ münaqişəsi və dövlətlərarası münasibətlərin olmaması üzündən ciddi şəkildə mürəkkəbləşib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksandr Lukaşeviç həftəlik brifinq zamanı Azərbaycanın AZAL şirkətinin erməni mənşəli Rusiya vətəndaşının reys üzrə qeydiyyata alınmasından imtina etməsi ilə bağlı hadisəni şərh edərkən deyib.
"Bununla əlaqədar Rusiya vətgəndaşlarına səfərlərini planlaşdırarkən bu vəziyyəti nəzərə almağı tövsiyə edirik", - Lukaşeviç bildirib. Məlumatı "Rossiya 24" kanalı yayıb.
XİN nümayəndəsi hətta daha əhəmiyyətli mövzuları kənara qoyaraq əlavə edib ki, AVTOVAZ şirkətinin nümayəndəsi ilə bağlı hadisə KİV-də böyük əks-sədaya səbəb olub və bu, böyük təəssüf doğurur.
Rusiya vətəndaşı Sergey Gürcüyan oktyabrın sonunda "Azərbaycan Hava Yolları" QSC (AZAL) şirkətinin Moskva-Bakı marşrutu üzrə reysinə buraxılmayıb. Gürcüyan Azərbaycana səfər etmək üçün təhlükəsizliyinin təmin olmasının vacibliyi barədə məlumatlandırılıb. Belə ki, o, əslən ermənidir. Bu, onun özü və onunla birgə uçan şəxslər tərəfindən sərt reaksiyaya səbəb olub. Onlar AZAL əməkdaşlarını təhqir etməyə başlayıblar. Bu da qeydiyyatdan keçən sərnişinlərin narazılığına gətirib çıxarıb.
Gürcüyanın və onunla birgə uçan sərnişinlərin nalayiq hərəkətləri səbəbindən onlar reysdən uzaqlaşdırılıblar. Buna uçuşları həyata keçirən hava yolları şirkətinin tam hüququ var.
AVTOVAZ şirkətinin əməkdaşı olan Gürcüyan nümayəndə heyətinin tərkibində Bakıya "Lada"nın yeni avtosalonunun açılışına gəlmək istəyib.