...

Bahar Muradova: Azərbaycan dövləti maraqlıdır ki, Dağlıq Qarabağın bütün vətəndaşları bir araya gəlsin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2011 19:02 (UTC +04:00)
Azərbaycan dövləti maraqlıdır ki, Dağlıq Qarabağın bütün vətəndaşları bir araya gəlsin və öz aralarında olan etimadsızlığı, inamsızlığı aradan qaldırmaq üçün cəhdlər göstərsinlər.
Bahar Muradova: Azərbaycan dövləti maraqlıdır ki, Dağlıq Qarabağın bütün vətəndaşları bir araya gəlsin

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Azərbaycan dövləti maraqlıdır ki, Dağlıq Qarabağın bütün vətəndaşları bir araya gəlsin və öz aralarında olan etimadsızlığı, inamsızlığı aradan qaldırmaq üçün cəhdlər göstərsinlər. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Azərbaycanın vitse-spikeri Bahar Muradova deyib.

"Ermənilərin Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının nəzərdə tutulan görüşündə iştirakdan imtina etməsi yaxşı hal deyil. Təbii ki, bu hadisəni mənfi qiymətləndiririk", - Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Milli Məclisin sədr müavini belə görüşün keçirilməsi təşəbbüskarının Azərbaycan tərəfinin olduğunu və ATƏT PA-nın payız sessiyasında ilk olaraq bu məsələni qaldırdığını xatırladıb.

Onun sözlərinə görə, bu təşəbbüs sonradan müxtəlif beynəlxalq qurumlar və ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənib.

"Dağlıq Qarabağın erməni icmasının bu tədbirə qatılmayacağı gözlənilən idi. Çünki onlar bu təşəbbüsə yanaşmalarında guya bu görüşdə özləri üçün mənfi nəticələrə gətirib çıxara bilən məqsədlər hiss etdiklərini iddia edirlər. Amma Azərbaycan tərəfi hər zaman olduğu kimi öz vətəndaşlarının milliyyətindən asılı olmayaraq bir araya gəlməsi, gələcək həyatını müzakirə etməsini, gələcəkdə Dağlıq Qarabağda icmaların birgə yaşayışının forması və regionun idarə olunması barədə fikir mübadiləsi aparılmasını məqsədəuyğun hesab edir. Təəssüf ki, erməni tərəfi bu görüşdə iştirak etmədi. Buna baxmayaraq, bu cəhdlər davam etməlidir və beynəlxalq ictimaiyyət də bilməlidir ki, sülh istəkləri hansı tərəfdədir və kim konstruktiv mövqedən qaçır. Yəni bu fakt ermənilərin qeyri-konstruktivliyini beynəlxalq aləmə nümayiş etdirir", - vitse-spiker qeyd edib.

Muradova bildirib ki, artıq erməni icmasının bu görüşdən imtina etməsi beynəlxalq ictimaiyyətin qınağı ilə qarşılanıb və ilk olaraq belə qınaqlar Berlində səslənib. "Bizim bu təşəbbüslərimiz davamlı olacaq. Əgər biz davamlı olaraq belə görüşlərin keçirilməsinə çalışacağıqsa, ermənilər də davamlı olaraq iştirak etməyəcəksə, deməli, qınaq da davamlı olacaq və daha geniş miqyas alacaq. Ona görə də Azərbaycan tərəfi olaraq bu məsələdə prinsipial mövqeyimizi göstərməliyik. Yəni Azərbaycan dövləti və xalqı maraqlıdır ki, Dağlıq Qarabağın bütün vətəndaşları bir araya gəlsin və öz aralarında olan etimadsızlığı, inamsızlığı aradan qaldırmaq üçün cəhdlər göstərsinlər", - vitse-spiker vurğulayıb.

Dağlıq Qarabağın erməni icmasının nümayəndələri azərbaycanlı icma ilə noyabrın 28-də Berlində keçirilən görüşə gəlməyiblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti