Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü davam etdiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli deyib.
"Gələcəkdə Moskvada, ya da hansısa şəhərdə icmaların görüşü baş tutacaq. Əgər lazım olsa, biz lap qoşunların təmas xəttində - Ağdam, Bərdə və Tərtərdə görüşə bilərik. Biz bu siyasəti davam etdirəcəyik", - Bədəlbəyli əlavə edib.
Bədəlbəyli növbəti görüşün Rusiyada baş tutacağı ehtimalının olduğunu deyib.
O, Berlində erməni icmasının nümayəndələrinin görüşə gəlməməsini Dağlıq Qarabağın separatçı rejiminin təzyiqi ilə əlaqələndirib.
Bədəlbəyli hesab edir ki, növbəti görüş üçün erməni tərəfi ilk olaraq təşəbbüs etməlidir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.