Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/
Ukraynada elan olunan Xocalı ayına Xarkov şəhərindən start verilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi, İslam konfransı Gənclər Forumu və Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aradan 20 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların Xocalı soyqrımına hüquqi siyasi qiymət verməmələri tarixi ədalətsizlik kimi qiymətləndirilib.
Xocalı qurbanlarının anım mərasiminə Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkov şəhərindəki xatirə lövhəsinin önünə tər çiçəklər qoymaqla başlanılıb.
Xarkov vilayət admnistrasiyası rəsmilərinin, Azərbaycan diaspor fəallarının, yerli televiziya və KİV nümayəndələrinin qatıldığı ilk anım mərasimini Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasov açaraq 20 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqrım siyasətinin məntiqi davamı kimi dəyərləndirib.
Mərasimdə diaspor fəallarından Haci Amil Abdullayev, Kifayət Cəfərova, Sabir İsmayılov Xarkov Dostluq Cəmyyətinin sədri Murad Ömərov və digər soydaşlarımız çıxış edərək ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpalarının 20 faizinin işğal olunduğunu, təcavüz nəticəsində 1 milyona yaxın insanın öz doğma yurd yerlərindən didərgin salınmasından danışıblar.
Sonra mərasimə qatılanlar Heydər Əliyev Fondunun xətti ilə hazırlanmış Xocalı soyqrımı filminə baxmaqla ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar.
Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər gənclər çıxış edərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğuladılar.