...

Xocalı soyqırımının 20-ci ildönümü Vaşinqtonda anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2012 13:53 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar səfirlik Vaşinqtonda anım mərasimi keçirib.
Xocalı soyqırımının 20-ci ildönümü Vaşinqtonda anılıb (FOTO)

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir K.Zərbalıyeva/

Xocalı soyqırımının 20-ci ildönümü Vaşinqtonda anılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar səfirlik Vaşinqtonda anım mərasimi keçirib.

ABŞ Konqresi ərazisində yerləşən nüfuzlu Ehtiyatda olan Zabitlər Assosiasiyasının binasında keçirilən anım mərasimində müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış "beyin mərkəzləri"nin ekspertləri, alim və tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri və digər şəxslər iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov çıxış edərək, ilk öncə Xocalı soyqırımının necə baş verməsi və faciənin qurbanları barədə məlumat verib.

Azərbaycan xalqının daima güclü etnik və dini dözümlülük ənənələri ilə fərqləndiyini qeyd edən səfir Xocalı soyqırımı baş verərkən bu faciəni tam şəkildə anlamağın, xüsusilə etnik mənsubiyyətinə görə günahsız insanların, o cümlədən çoxlu sayda uşaq, qadın və yaşlıların belə vəhşicəsinə qətlə yetirilməsinin dərk edilməsinin hər bir azərbaycanlı üçün olduqca ağır və çətin olduğunu bildirib.

Süleymanov Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daima yaşayacağını qeyd edərək, azərbaycanlıların qisas arzusunda olmadıqlarını, yalnız ədalət və sülh istədiklərini diqqətə çatdırıb.

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Dayana Koen Altman öz nitqində Xocalı faciəsi barədə fikirlərini bölüşüb, bu faciənin məsum qurbanlarının hər zaman yad edilməsinin vacib olduğunu bildirib və Xocalı barədə məlumatların gələcək nəsillərə çatdırılması üçün öz tövsiyələrini verib. Bu səpkidə natiq faciə qurbanlarına dair əşyaların toplanmasının zəruri olduğunu bildirərək, Vaşinqtonda fəaliyyət göstərən Holokost Xatirə Muzeyi timsalında belə əşyaların gələcək nəsillərin məlumatlandırılması baxımından yüksək dəyər daşıyacağını qeyd edib.

ABŞ-da işçi səfərdə olan AR Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva tədbirdə çıxış ediblər.

Nitqlərdən sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov Xocalı soyqırımı qurbanlarının xatirəsinə həzin musiqi parçaları ifa edib.

Mərasimdə iştirakçılar soyqırımı əks etdirən fotosərgi ilə də tanış olublar. Xocalı soyqırımı, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə kitab, broşür, jurnal və disklər iştirakçılar arasında paylanıb.

Xəbər lenti

Xəbər lenti