Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir S.Ağayeva/
Fransa Senatının sessiyasında Xocalı soyqırımı məsələsi qaldırılıb.
Trend-in məlumatına görə, Fransa Senatının fevralın 23-də keçirilən sessiyası zamanı "aktual məsələlər üzrə hökumətə suallar" proseduru çərçivəsində Azərbaycan üzrə dostluq qrupunun sədr müavini senator Natali Qule çıxışında bildirib ki, Fransa Azərbaycana məxsus torpaqların, yəni Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən işğalı səbəbindən bu günədək 30 000 qurban və bir milyondan artıq məcburi köçkünə səbəb olmuş Ermənistan-Azərbaycan silahlı münaqişəsinin tənzimlənməsi üzrə məsul Minsk qrupuna həmsədrlik edir.
Qule çıxışında deyib ki, bir neçə gündən sonra ermənilərin 106-sı qadın və 83-ü uşaq olmaqla 613 mülki azərbaycanlını qətlə yetirdikləri Xocalıdakı qırğının 20-ci ildönümü qeyd ediləcək.
Deputatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilməni tələb edən 4 qətnaməsinə - 822, 853, 874 və 884 saylı - baxmayaraq münaqişə davam etməkdədir.
Qule xatırladıb ki, məhz elə bu səbəbdən də "erməni soyqırımı"nın mövcudluğunun inkarını cəzalandıran qanun layihəsi azərbaycanlı dostlarımızın gözündə o dərəcədə ermənipərəst, beləliklə də, fransız həmsədrliyinin neytrallığını pozan addım kimi görünüb ki, onlar bu həmsədrliyin digər bir ölkə tərəfindən əvəzlənməsi istəyinə düşüblər.