...

Tbilisi erməniləri icması Dağlıq Qarabağ münaqişəsində Gürcüstanın dini liderinin vasitəçilik etməsini gündəliyə gətirdi - Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2012 12:15 (UTC +04:00)
Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı Gürcüstan parlamentində baş vermiş insident maraqlı təklifi üzə çıxardı. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, poltoloq Mübariz Əhmədoğlu bildirib.
Tbilisi erməniləri icması Dağlıq Qarabağ münaqişəsində Gürcüstanın dini liderinin vasitəçilik etməsini gündəliyə gətirdi - Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı Gürcüstan parlamentində baş vermiş insident maraqlı təklifi üzə çıxardı. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, poltoloq Mübariz Əhmədoğlu bildirib.

"Tbilisi erməniləri icmasının rəhbəri S.Tatevosov bu insidentdən narazılığını bildirmək məqsədilə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyaya müraciət etdi. Bu müraciətdə hədsiz mühüm məsələ var. "Gürcüstan indi öz tarixinin ən mühüm dövrünü yaşayır: ləyaqətli qonşu nümunəsi olmaqla mürəkkəb geosiyasi şəraitdə davamlı inkişaf edir; həm öz ərazisində, həm də özünün tarixi qonşularının ərazilərində özgələr tərəfindən sırınmış münaqişələrin həllində vasitəçilik rolu tarixən məhz Gürcüstan üçün müəyyən olunmuşdur". Elə bu fikirlə də Tbilisi erməni icması Ermənistanla-Azərbaycan arasında mövcud olan münaqişədə Gürcüstanın vasitəçiliyini gündəliyə gətirdi. Eləcə də Tbilisi ermənilərinin fikrincə, dini lider II İlya belə vasitəçi ola bilər", - politoloq deyib.

Onun sözlərinə görə, rəsmi Tbilisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçiliklə çox böyük divident qazana bilərdi. Müstəqil Gürcüstanın rəhbərləri bu işlə heç zaman məşğul olmayıblar: "Müstəqilliyinin ilk illərində Gürcüstanın daxilindəki qeyri-sabitliyi nəzərə alsaq, rəhbərlərin məhz bu qeyri-sabitliyə görə vasitəçilik təşəbbüsü irəli sürməməsi arqumentinə bəlkə də inanmaq olar. Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda sabitlik olsa da Saakaşvili üç dövlətli regionda digər iki dövlət - Ermənistan və Azərbaycan arasındakı münaqişədən öz xeyrinə istifadə etmək kursu götürdü. O, vasitəçilik missiyası təşəbbüsü irəli sürsəydi, həm özü üçün, həm də ölkəsi üçün beynəlxalq aləmdə əlavə divident əldə edə bilərdi".

Əhmədoğlu bildirib ki, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasının zəruriliyi ideyası Azərbaycanın ictimai-siyasi mühiti tərəfindən vaxtaşırı dəstəklənsə də, rəsmi Tbilisi bunu qulaqardına vurub.

"İlk olaraq bu ideyadan istifadə etmək barədə ciddi hazırlıq işləri aparmaq lazımdır. Gürcüstanda yaşayan erməni və azərbaycanlı icması ilə birlikdə bu mərhələni sürətlə başa vurmaq olar. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərini Katolikos-Patriarxı II İlyanın təşəbbüsü ilə Gürcüstanda yaşayan erməni və azərbaycanlı icmaları arasında keçirilən görüşlərə qatmaq olar. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bu prosesdə iştirakına maneçilik yaradılarsa, maneçilik edən tərəfə Gürcüstan ictimaiyyəti təzyiq edə bilər", - politoloq qeyd edib.

Onun sözlərinə görə, region dövlətləri arasındakı dini vəziyyət Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanı ermənilərlə azərbaycanlılar arasında vasitəçilik etməyə maraqlandıra bilər: "II İlyanın həm insani, həm də dini ömrünün ən müdrik çağlarıdır. Belə müdrikin vasitəçiliklə məşğul olması təkcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin yaxşılaşmasına deyil, ümumilikdə regionun sabitliyinə və inkişafına yeni mahiyyətli güclü stimul verə bilər".

Xəbər lenti

Xəbər lenti