...

Aleksey Vlasov: Bakı ATƏT formatında vasitəçilik missiyasının perspektivlərindən məyusdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2012 17:59 (UTC +04:00)
ATƏT-in baş katibi Lamberto Zannierin bu səfərinin Bakıda böyük ümidlərlə gözlənildiyini söyləmək olmaz.
Aleksey Vlasov: Bakı ATƏT formatında vasitəçilik missiyasının perspektivlərindən məyusdur

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in baş katibi Lamberto Zannierin bu səfərinin Bakıda böyük ümidlərlə gözlənildiyini söyləmək olmaz. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov deyib.

"Prinsip etibarilə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ritorikası hamıya yaxşı məlumdur. Eynilə bu cür ləngimiş münaqişənin nizamlanmasının perspektivləri məsələsində tərəflərin mövqeləri də məlumdur", - bazar ertəsi Vlasov Trend-ə bildirib.

Ekspertin sözlərinə görə, Zannier özünün jurnalistlərlə təmasının ictimai hissəsində iki əsas tezislə kifayətləndi: birincisi, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir, ikincisi, münaqişənin həllində danışıqlar yeganə yoldur.

O hesab edir ki, Azərbaycan tərəfi də adət edilmiş adi qaydada çıxış etdi, ən azı brifinq vaxtı xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən prinsipial olaraq hansısa yeni bir ritorika səslənmədi.

Vlasov bildirib ki, Azərbaycanın xarici işlər naziri həm Azərbaycan, həm də Ermənistan tərəfdən əsgərlərin həlak olması ilə nəticələnən son hadisələrə toxunaraq qeyd etdi ki, onun fikrincə, problem beynəlxalq müşahidəçilər tərəfindən hansısa bir effektiv monitorinq mexanizmlərinin yoxluğundan ibarət deyil.

Onun sözlərinə görə, bu məsələ lap Qarabağ probleminin həll olunmaması faktının özünə aiddir.

"Problem heç də mexanizmdə deyil, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin olmasındadır. Əgər bu qoşunlar çıxarılsa, onda artıq nə snayperlər problemi olacaq, nə mexanizmin özünə ehtiyac olacaq, nə də silahlı insidentlər baş verəcək", - nazir bildirib.

Vlasovun sözlərinə görə, bir halda ki, 90-cı illərin ortalarında atəşkəs haqqında sazişin imzalanmasından keçən müddət ərzində dondurulmuş adlandırılan münaqişələrin həllində minimal irəliləyişlər baş verməyib, təkcə bu şəraitin özü ATƏT-in formatında vasitəçilik missiyasının perspektivlərində rəsmi Bakının məyusluğunu göstərir.

"Görünür, italyan diplomat anlayır ki, nisbi sülhün saxlanmasına baxmayaraq, Dağlıq Qarabağ probleminin ətrafında daxili gərginlik artmaqda davam edir. Ehtimal ki, məhz bu şərait Lamberto Zannieri bir neçə dəfə status-kvo-nun problemin həlli kimi qəbuledilməz olduğunu vurğulamağa vadar etdi", - ekspert deyib.

Vlasov hesab edir ki, bu, sözsüz ki, siyasətçilərin Moskvada da, Vaşinqtonda da, Brüsseldə də imzalaya biləcəkləri doğru qiymətləndirmədir.

"Amma bəs sonra? Vasitəçilərin nümayəndələrinə dialoqun "yaxşı ki, danışırıq, vuruşmuruq" mərhələsindən real qərarların qəbulu mərhələsinə keçməyə kömək edəcək açar haradadır? Əfsus ki, realist olmaq və hazırda "möcüzəli resept"in olmadığını etiraf etmək lazımdır. Cənab Zannierin Cənubi Qafqaz səfərinin hansı diplomatik ifadələrlə göstərilməsinə baxmayaraq, əslində, onu təkcə pis sülh və yaxşı dava haqqında atalar sözünə yaxınlaşdırmaq olar", - Vlasov deyib.

Xəbər lenti

Xəbər lenti