...

Elmar Məmmədyarov: Azərbaycan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvardır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2012 20:31 (UTC +04:00)
Fransaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi fransalı həmkarı Loran Fabius ilə görüş keçirib.
Elmar Məmmədyarov: Azərbaycan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvardır (FOTO)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Fransaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi fransalı həmkarı Loran Fabius ilə görüş keçirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasındakı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub.

Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Fransua Ollanda ünvanlanmış məktubunu nazir Loran Fabiusa təqdim edib və onun yüksək ünvana çatdırılmasını xahiş edib.

Söhbət əsnasında bu il Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd edildiyini xüsusi vurğulayan Məmmədyarov nazir Fabiusu Azərbaycana səfər etməyə dəvət edib və bu dəvət fransız nazir tərəfindən məmnuniyyətlə qəbul edilib.

Fabius iki ölkə arasında siyasi, iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın hazırkı inkişaf dinamikasından məmnunluğunu ifadə edib, Azərbaycanın Fransa üçün vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb.

İki ölkə arasında mədəni əməkdaşlıqdan bəhs edərkən Fransa XİN rəhbəri Bakıda inşa edilməkdə olan fransız liseyinin ərsəyə gəlməsi üçün Azərbaycan hökuməti tərəfindən göstərilən səylərin Fransa hökuməti tərəfindən yüksək dəyərləndirildiyini bildirib və bu liseyin iki xalq arasında dostluq tellərinin daha da güclənməsinə öz vacib tövhəsini verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi ətrafında müzakirələr aparılıb və Məmmədyarov Fransanın münaqişənin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazirlər BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti