Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Qərb və xüsusilə ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə edilməsi üçün həlledici rol oynaya bilərlər. Bu, ən yüksək səviyyədə nizamlanma prosesinə müdaxilə edilməsi halında ola bilər. Trend-in "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Cons Hopkins Universiteti yanında Transatlantik Münasibətlər Mərkəzinin elmi əməkdaşı Devid Merkel Vaşinqtonda Ceymstaun Fondu tərəfindən təşkil edilən beynəlxalq konfransda deyib.
Azərbaycanın regionda, Avropada və dünyada rolu və təsiri haqqında diskussiyalar konfransın əsas mövzusu olub.
"Dağlıq Qarabağ münaqişəsi Prezident Obama administrasiyasının "yenidən yüklənmə" siyasətindən səmərəli istifadə edə biləcəyi sahələrdən biridir", - Merkel qeyd edib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Merkelin yüksək səviyyədə müdaxilənin zəruriliyi haqqında rəyini dəstəkləyərək qeyd edib ki, regionun "təcili problemlər"inin həllində iştirakın demokratik administrasiya tərəfindən həyata keçirilməsi mütləq deyil: "Bunu respublikaçı siyasətçilər də edə bilərlər".
Brayza Rusiyadan elektrik enerjisi alan müharibədən sonrakı Azərbaycanı bugünkü yüksələn xətt üzrə inkişaf edən, artıq dünyanın iri neft-qaz ixracatçılarından birinə çevrilən ölkə ilə müqayisə edib.
"Bu, qısa müddət ərzində baş verən heyrətamiz dəyişiklikdir" , - Brayza bildirib.
O vurğulayıb ki, ABŞ bu ölkə ilə hökuməti demokratik islahatlar və korrupsiya ilə mübarizə sahəsində təcrübəsini bölüşərək böyük həcmdə iş görüb. Amerikalı diplomatın fikrincə, ölkə hələ Qərb və ya Avropa standartlarına çatmayıb, lakin düzgün istiqamətdə irəliləyir.