...

AŞPA sədri: Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə üçtərəfli görüşlər Dağlıq Qarabağla bağlı irəliyə addım atmağa kömək edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2013 15:08 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu istiqamətdə önəmli işlər görür.
AŞPA sədri: Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə üçtərəfli görüşlər Dağlıq Qarabağla bağlı irəliyə addım atmağa kömək edəcək

Fransa, Strasburq, 21 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu istiqamətdə önəmli işlər görür. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun sədri Jan-Klod Minyon Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə keçirdiyi görüşlərə münasibət bildirərkən deyib.

"Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə üçtərəfli münasibətlərimə gəldikdə, deyə bilərəm ki, bu münasibətlər mənim sələfim tərəfindən fəaliyyəti yenidən bərpa olunmuş Dağlıq Qarabağ üzrə Alt Komitə çərçivəsində həyata keçirilmir. Niyə görə mən sözügedən Komitənin fəaliyyətinin davam etdirilməsini arzu etmədim? Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu bu istiqamətdə önəmli işlər görür. Lakin mənim etdiyim isə rəsmi olmayan yeni bir şeydir. Azərbaycan və Ermənistan tərəfi ilə keçirilən görüşlərin məzmunu ilə bağlı açıqlama verməmək barədə razılığa gəlmişik. Çünki bu gün hesab edirik ki, bununla bağlı məlumat vermək tezdir. Onu deyə bilərəm ki, bu üçtərəfli görüşlər mütəmadi olaraq keçirilir. Bu, istər Strasburqda, istərsə də Paris təşkil edilir", - Minyon deyib.

O, xatırladıb ki, sonuncu belə görüş AŞPA-nın Siyasi İşlər Komitəsinin Turin şəhərində keçirilən iclası çərçivəsində olub.

"Hər görüşdən sonra biz növbəti görüşün keçirilməsi barədə danışırıq. AŞPA-nın qış sessiyası çərçivəsində tərəfdaşlarımla yenidən görüşəcəm. Bu görüş yuxarıda qeyd etdiyim formatda çərşənbə axşamı və ya çərşənbə günü keçirilə bilər. Sizə tam açıq deyə bilərəm ki, Ermənistannın AŞ Nazirlər Komitəsinə sədrlik etməsindən əvvəl ümid edirəm ki, ən azından biz - mən, azərbaycanlı və erməni həmkarlarım bu məsələdə məlumat verməyə imkanımız olacaq və təmaslarımız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliyə addım atmağa kömək edəcək", - AŞPA sədri bildirib.

Minyon nümayəndə heyətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin məzmunu ilə bağlı məlumat verməkdən imtina edib.

"Üçtərəfli görüşlər zamanı biz hər şeydən danışırıq. Əgər mən bununla bağlı açıqlama versəm, həmkarlarıma qarşı hörmətsizlik olardı və razılaşmanı pozardım. Bu görüşlərdə biz ciddi məsələləri müzakirə edirik. Mən həmkarlarıma münasibətdə götürdüyüm öhdəliyə hörmətlə yanaşıram. Əgər təkbaşına bununla bağlı açıqlama versəm, bu, düzgün və sağlam hərəkət olmazdı. Əgər AŞPA-nın aprel sessiyası zamanı siz mənə eyni sualı versəniz, ümid edirəm ki, buna kimi parlament diplomatiyası öz işini görəcək və həmkarlarımın icazəsi ilə bu məsələyə dair daha çox açıqlama verə biləcəyəm", - Minyon deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti