...

Mübariz Əhmədoğlu: Ermənistanın Dağlıq Qarabağ məsələsinin Parisdə indiki müzakirəsinə razılıq verməsi siyasi sövdələşmənin nəticəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ müzakirələrini imitasiyaya çevirən, xarici işlər nazirlərinin görüşü ilə bağlı yayılan məlumatlara orijinal münasibəti olan Ermənistanın xarici işlər naziri Parisdə Azərbaycanın xarici işlər naziri ilə görüşəcəyini bildirdi. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, bu, qısa müddət ərzində ikinci görüşdür. Əvvəlki görüşdə Edvard Nalbandyan azərbaycanlı həmkarı ilə müzakirədən yayınmışdı.

"Həm Azərbaycan, həm də Ermənistanın xarici işlər nazirləri həmsədrlərlə ayrı-ayrılıqda görüşmüşdülər. Görüş barədə vasitəçilərin yaydığı məlumatdan anlaşıldı ki, həmsədrlər Ermənistandakı prezident seçkilərindən sonra regiona səfər edəcəklər. İndi isə xarici işlər nazirlərini yenidən Parisə çağırırlar. Bu məsələdə Ermənistan tərəfinin məlumat yayması, Dağlıq Qarabağın de-fakto idarəediciləri ilə məsləhətləşmələrin aparılması rəsmi Yerevanın Dağlıq Qarabağ məsələsində mövqeyini yumşaltmasına cəhdə işarə kimi başa düşülə bilər", - politoloq deyib.

Politoloq bildirib ki, prezident seçkilərinin demokratikliyinin Qərb tərəfindən tanınması Ermənistan üçün mühüm əhəmiyyətə malikdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ermənistanda seçkiqabağı vəziyyətlə bağlı yaydığı iki aralıq hesabat bu ölkədə prezident seçkisi prosesinin bərbad vəziyyətdə olduğunu göstərdi.

"Seçkidən sonra beynəlxalq müşahidəçilər birdən-birə mövqeyini xeyli yumşaltdılar. Nazirlərin Paris görüşü ilə bağlı Nalbandyanın verdiyi məlumatların fonunda Qərb nümayəndələrinin Ermənistandakı prezident seçkilərinin demokratikliyi ilə bağlı mövqeyinin dəyişməsi bunun Qarabağ tənzimlənməsi ilə əlaqəli olduğunu deməyə şərait yaradır", - Əhmədoğlu deyib.

Lakin o qeyd edib ki, Ermənistanın yalan və blef sahəsində imkanları sonsuzdur. Bu istiqamətdə Ermənistanın Prezidenti, Baş naziri və xarici işlər naziri "dünya çempionu" ola bilərlər.

Əhmədoğlu vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimlənməsinə imkan verən "Böyük sülh müqaviləsi"nin qısa müddət ərzində hazırlanıb, paraflanıb imzalanması Azərbaycanın maraqlarına cavab verir.

"Qalan bütün variantlar Ermənistanda seçkilərə legitim don geyindirməyə, onun Qərbə qaçmasına şərait yaratmağa və Ermənistan üçün donor konfransı keçirməyə xidmət edir. Dağlıq Qarabağın de-fakto idarəediciləri paket variantını yenidən aktuallaşdırıblar", - politoloq deyib.

O bildirib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun və birgə mövcudluğunun qurulmasını, aviareysin açılmasını, təmas xəttində etimad tədbirlərinin gücləndirilməsini də özündə birləşdirən "Böyük sülh müqaviləsi"nin əsas şərti Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimləməsini başlamaq və sona çatdırmaq olmalıdır.

"Paris görüşü Ermənistan üşün son şans ola bilər. Ermənistanın siyasətinin sağlam istiqamətə həqiqi dəyişilməsini göstərən yeganə məsələ onun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tutduğu mövqenin dəyişilməsi ilə ölçülür. Bütün qalan məsələlər tamamilə yalandır", - Əhmədoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti