...

Kaliforniya telekanallarında Xocalı həqiqətlərinə dair veriliş nümayiş etdirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 13:13 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniyada fəaliyyət göstərən Amerikada Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Kaliforniyanın Palo Alto şəhərində yerləşən ictimai televiziyanın studiyasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş televiziya verilişinin çəkilişi aparılıb.
Kaliforniya telekanallarında Xocalı həqiqətlərinə dair veriliş nümayiş etdirilir

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniyada fəaliyyət göstərən Amerikada Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Kaliforniyanın Palo Alto şəhərində yerləşən ictimai televiziyanın studiyasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş televiziya verilişinin çəkilişi aparılıb.

Konsulluqdan Trend-ə verilən məlumata görə, veriliş fevralın 26-dan başlayaraq bir ay ərzində Palo Alto, Stanford, Menlo Park, Atherton və digər şəhərlərin ictimai televiziya kanallarında nümayiş etdiriləcək və 500 mindən çox tamaşaçı tərəfindən izlənəcəkdir.

Verilişi Amerikada Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəallarından olan Zərifə Musayeva açaraq, Xocalı soyqırımını anma gününün önəmindən bəhs edib və bu faciədə qətlə yetirilmiş günahsız soydaşlarımızın xatirəsinin heç bir zaman unudulmadığını bildirib.

Musayeva Xocalı həqiqətlərinin ABŞ-da yayılması sahəsində son illərdə mühüm nailiyyətlərin əldə olunduğunu və bu kimi televiziya verilişlərinin soyqırım haqqında amerikalıların məlumatlandırılması baxımından önəmli olduğunu qeyd edib.

Sonra söz Montana Ştat Universitetinin professoru, Xocalı soyqırımı baş verərkən bu barədə ABŞ KİV-lərində, o cümlədən "Washington Post" qəzetində məqalələr dərc etdirmiş Tomas Qoltsa verilib.

Qolts öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal etməsi, yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salması barədə ətraflı məlumat verib, 21-ci əsrdə belə bir haqsızlıq və ədalətsizliyin hələ də davam etməsinin tamamilə qəbuledilməz olduğunu bildirib.

Sonra natiq Xocalı soyqırımı haqqında danışaraq, bu qətliamın necə baş verməsi, kimlər tərəfindən törədilməsi barədə tamaşaçıları məlumatlandırıb. Soyqırım baş verən günlərdə Qarabağda olduğunu və amansızcasına qətlə yetirilmiş günahsız insanların cəsədlərini öz gözləri ilə gördüyünü qeyd edən Qolts bu görüntüləri heç zaman unuda bilməyəcəyini bildirib və belə bir vəhşi cinayəti törətmiş şəxslərin hələ də azadlıqda gəzməsini, hətta Ermənistan hakimiyyətində yüksək vəzifələr tutmasının ağılasığmaz olduğunu söyləyib.

Daha sonra Xocalı soyqırımı haqqında Qolts tərəfindən çəkilmiş, 1992-ci ilin fevral-mart aylarında soyqırım barədə müxtəlif beynəlxalq KİV-lər üçün reportajlar hazırlamış amerikalı və avropalı jurnalist və ekspertlərdən götürülmüş müsahibələrə əsaslanan yeni sənədli filmdən parçalar nümayiş etdirilib.

Nümayişdən sonra Qolts studiyada olan tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti