Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/
GUAM birləşmiş platforma vasitəsilə təşkilata üzv ölkələrin ərazilərində münaqişələrin həllinə öz töhfəsini verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib.
"Təəssüflər olsun ki, GUAM-a üzv olan 4 ölkədən üçü ərazi münaqişələrindən əziyyət çəkir və Dağlıq Qarabağ münaqişəsi də belə dondurulmuş ərazi münaqişələrindən biridir", - deyə Çeçelaşvili Bakıda keçirilən "Terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Baş katibin sözlərinə görə, bu münaqişələrin hər birinin öz formatı var və bu çərçivədə onların nizamlanması prosesi aparılır, lakin GUAM təşkilatı bilavasitə həmin proseslərdə iştirak etmir.
"Lakin üzv dövlətlərin formalaşdırılmış və konsolidə edilmiş yaxşı mövqeyi var. Bu mövqe GUAM dövlət başçılarının birgə bəyanatında əks olunub və hamılıqla qəbul edilmiş beynəlxalq prinsiplərə söykənir" , - Çeçelaşvili qeyd edib.
Onun sözlərinə görə, GUAM daha çox ciddi tərəfdaşlar cəlb etmək və onları öz mövqeyi ilə tanış etmək məqsədilə BMT-də beynəlxalq ictimaiyyət ilə işi davam etdirir.
"Bununla əlaqədar olaraq, bizim yaxşı perspektivlərimiz var" , - o deyib.