...

Mübariz Əhmədoğlu: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin Azərbaycana tərəf dəyişilməsinin iki mənbəyi var

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2013 12:59 (UTC +04:00)
Rusiyanın Ermənistana yönəli praqmatik siyasəti Ermənistanın Rusiya ilə Qərb arasında ikibaşlı oyunlarının məntiqi nəticəsidir.
Mübariz Əhmədoğlu: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin Azərbaycana tərəf dəyişilməsinin iki mənbəyi var

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın Ermənistana yönəli praqmatik siyasəti Ermənistanın Rusiya ilə Qərb arasında ikibaşlı oyunlarının məntiqi nəticəsidir.

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanı strateji müttəfiq adlandırıb onun maraqlarına zərbə vurmaqla məşğul idi. Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırmaqla bağlı qərar qəbul etdi. Qazın qiyməti təxminən 65-70 faiz qalxacaq: "Rusiya Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişdi. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Moskvada keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistandan Azərbaycan ərazilərini Azərbaycana qaytarmağı tələb etdi. Əvəzində isə Azərbaycan Ermənistanı blokadadan çıxaracaqdır".

Əhmədoğlu qeyd edib ki, Rusiya ekspertləri Ermənistanın maraqlarına uyğun antiazərbaycan şərhlər verməkdən imtina etdilər.

Politoloqun sözlərinə görə, bütün bu baş verənlər sonda Ermənistanı Gömrük İttifaqına üzv olmaq, Avrasiya İqtisadi Komissiyası ilə yeni əməkdaşlıq memorandumu imzalamaqla bağlı Rusiyaya müraciət etməyə vadar etdi: "Ermənistanın Baş naziri Tiqran Sərkisyan Minskdə MDB-nin hökumət başçılarının iclasında Rusiyanın Baş naziri Dmitri Medvedyevdən, Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenkodan bu məsələləri təcili həll etməyi təkidlə xahiş etdi."

Əhmədoğlu vurğulayıb ki, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyini Azərbaycana tərəf ciddi sürətdə dəyişməsinin iki mənbəyi var: "Birinci mənbə ABŞ-ın Qarabağ tənzimlənməsində Türkiyəyə "kart blanş" verməsidir. ABŞ-ın bu addımı Dağlıq Qarabağ münaqişəsi ətrafında rəqabətlilik mühiti yaratdı. Rusiya başa düşdü ki, Qarabağ münaqişəsini ABŞ və Türkiyə tənzimləyəcəklər. ABŞ və Türkiyənin bütün variantlardan istifadə etməyə və bütün variantlarda Rusiyanı udmağa imkanları vardır. Rusiya Qafqaz regionunda başlayacaq müharibənin özü üçün faciəvi nəticəsini bilir".

Politoloqun fikrincə, bu kontekstdə Rusiya Qarabağ tənzimlənməsində özünü qabağa saldı. İndi Qarabağ tənzimlənməsi ilə məşğul olacağı təqdirdə, o, özünü Azərbaycanın tərəfdaşı kimi göstərə bilər.

Əhmədoğlu qeyd edib ki, münaqişəni ABŞ və Türkiyə tənzimləyəcəklərsə, Azərbaycan Rusiyanın deyil, onların yanında olmalı idi: "İkinci mənbə Ermənistanın Rusiya istiqamətində apardığı səhv siyasətdir. Ermənistan Rusiya ilə özünü strateji müttəfiq kimi göstərərək, əslində Qərb tərəfdən təyin olunmuş Rusiya müttəfiqi kimi davranırdı. Ən azı, Rusiya Ermənistanı sınamaq üçün müəyyən təzyiq elementlərindən istifadə etməli idi. Ermənistan Rusiyaya strateji müttəfiq deyərək, Qərbə inteqrasiya siyasəti aparırdı. Ölkədaxili qanunvericiliyi tamamilə Avropa İttifaqı standartlarına uyğunlaşdırmaqla Aİ ilə vahid hüquqi müstəviyə daxil olmaq istəyirdi".

Politoloqun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına üzvlülüyü Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətini dəyişməyəcək, çünki Rusiyanın mövqeyinin yenidən ermənipərəst olması onun itki ilə üzləşməsinə səbəb olacaqdır: "Rusiyanın tənzimləmədən imtinası münaqişənin tənzimlənməməsi deyil. Belə ki, ABŞ və Türkiyə var. O da nəzərə alınmalıdır ki, Rusiyanın Ermənistan üzərində təzyiq imkanlarına malik olması, başqa sözlə, Ermənistanın Rusiyanın təzyiqləri qarşısında geri çəkilməsi bəlləndi. Ən azı, Azərbaycanda bunu bildilər. Bundan sonra Rusiya "ermənilər mənə qulaq asmır" deyə bilməyəcək. Bu, Azərbaycan-Rusiya münasibətlərində yeni keyfiyyətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti