...

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə nizamlanmasının tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2013 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin yalnız süh yolu ilə nizamlanması məsələsində ATƏT-in Minsk qrupunun səylərinin aktivləşdirilməsinin tərəfdarıdır. Trend-in çərşənbə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Vasil Zvarıç ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycana başa çatmış səfərini şərh edərkən jurnalistlərə deyib.

Kojara Ukraynanın ATƏT-in hazırkı sədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə göstərdiyi səylər barədə Azərbaycan tərəfini məlumatlandırıb.

Zvarıçın sözlərinə görə, ATƏT-də Ukrayna sədrliyinin əsas prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla ATƏT məkanında münaqişələrin nizamlanması üçün danışıqlara dəstək verməkdir.

O, qeyd edib ki, Ukrayna Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə tezliklə nizamlanmasının tərəfdarı olub və bu mövqeyində dayanır: "Biz münaqişənin dinc yolla nizamlanması üzrə mövcud beynəlxalq mexanizmləri, xüsusilə Minsk qrupunun fəaliyyətini dəstəkləyirik, həmçinin qrupun işinin aktivləşdirilməsinin lehinəyik".

XİN rəsmisi vurğulayıb ki, Ukrayna ATƏT-in indiki sədri qismində Minsk qrupunun həmsədrləri ilə dialoq aparır: "Biz Minsk qrupunun həmsədlərinin müzakirə etdiyi məsələlərin genişləndirilməsinin tərəfdarıyıq".

Zvarıç bildirib: "Münaqişə tərəflərinin mövqelərində fikir ayrılıqlarına baxmayaraq, regionda möhkəm sülhün bərqərar edilməsi üçün danışıqlar prosesinin Minsk qrupu çərçivəsində davam edəcəyinə ümid edirik. Ukrayna ATƏT-də sədrliyi dövründə Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına kömək etməyə hazırdır. Bu mənada Ukrayna iki ölkənin ictimai təşkilatlarının nümayəndələri arasında əlaqələrin inkişafının və humanitar layihələrin həyata keçirilməsinin tərəfdarıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti