Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir S.Əhmədova/
Moldova ombudsmanı Aureliya Qriqoriu insan hüquqlarının müdafiəçisidir, Ermənistanda insan hüquqlarının müdafiəsinə qalxıb və zərrə qədər də yalan deməyib.
Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib: "Aureliya Qriqoriunun Xocalı faciəsi ilə bağlı dediklərini Koçaryan və Sarkisyanın hər ikisi etiraf edib. Aureliya Qriqoriunun dedikləri həqiqəti əks etdirir".
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu bütün dünya bilir: "ABŞ Dövlət Departamenti ən azı 7 ildir ənənəvi illik hesabatında göstərir ki, Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ ermənilərin nəzarətindədir".
Moldova hökumətinin münasibətinə toxunan Əhmədoğlu bildirib ki, əgər Moldova Ermənistanla münasibətlərini dəyərləndirə bilirsə, Azərbaycanla münasibətlərini aşağılayırsa, biz niyə susmalıyıq:
"Aureliya Qriqoriu Moldovaya qayıdandan sonra Ermənistan Prezidenti Serj Sarkisyan da, xarici işlər naziri Edvard Nalbandyan da Moldovada oldu. Sarkisyanın cəsarəti vardısa, bir kəlmə söz deyərdi. Bütün ermənilər yığışsın, Serj Sarkisyanın Moldovada Aureliya Qriqoriunun işi ilə bağlı bir kəlmə sözünü desinlər".
Politoloq bildirib ki, Moldova ictimaiyyəti, xüsusilə oradakı erməni icması həqiqətin gözünə dik baxmalıdır:
"Biz Moldova hökumətinin indiki hadisələrə reaksiyasını diqqətlə izləyirik. Azərbaycan cəmiyyəti, Azərbaycanın diaspor təşkilatları, hökumət təşkilatları çox iş görür. Moldova həmin erməni icmasının dəstəyi ilə təxminən il yarım, 2 il bundan qabaq Ermənistana 5 milyon dollarlıq raket silahı satanda, deməli, biz Moldovaya lazımi qədər sözümüzü deməmişik və ona görə də indi belə vəziyyət yaradırlar. Bu gün Moldova-Azərbaycan münasibətləri sınaq qarşısındadır. Rəsmi Kişinyov bunu nəzərə almalıdır. Əgər Moldova Ermənistanla münasibətlərə üstünlük verirsə, Azərbaycanla münasibətləri aşağılayırsa biz buna, elə düşünürəm ki, sakit və reaksiyasız dayanmayacağıq. Moldova hökuməti nə addım atdığına, nə iş gördüyünə, kimi incitdiyinə və kimi incitməyə şərait yaratdığına xüsusi fikir verməlidir".
O deyib ki, hansı cəmiyyətin hakimiyyətdə olmasının fərqi yoxdur. Azərbaycan cəmiyyəti üçün Moldova xalqı var və Moldova dövləti var:
"Bu yaxınlarda rəsmi Kişinyov Baltikyanı dövlətlərə və GUAM-a üzv dövlətlərə Dnestryanı münaqişənin həlli üçün müraciət edib. Azərbaycan və Moldova GUAM-ın üzvüdür. Deməli, Moldova Azərbaycanla mütəffiqdir. Onun da ərazisi parçalanıb. Ermənistan Moldova ilə bir cinahda deyil. Ermənistan parçalayanlar cinahındadır".
Əhmədoğlu qeyd edib ki, Aureliya Qriqoriuya, həqiqəti danışan, Avropa dəyərlərinə riayət edən və öz işini yerinə yetirən bir insana qarşı həqiqəti dediyi üçün belə əngəllər yaradılır.