Azərbaycan, Bakı, 18 sentyabr/ Trend, müxbir S.Əhmədova /
Qarabağ tənzimlənməsində ən mühüm dövr Avropa İttifaqının Vilnüs sammitindən ATƏT ministerialınadək olan vaxtdır. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən brifinqdə bildirib.
"ATƏT MQ-nin yeni həmsədri C.Uorlik münaqişə regionuna səfər etdi. B.Obama yeni həmsədrin onun şəxsi nümayəndəsi olduğunu təsdiqlədi, Azərbaycan və Ermənistan prezidentlərinə göndərdiyi məktubda bunu xüsusi vurğuladı. B.Obama kompromislərin hazır olduğunu bildirsə də, onların nədən ibarət olduğunu bildirmədi. ATƏT MQ həmsədr ölkə prezidentləri tərəfindən Dağlıq Qarabağ tənzimlənməsilə bağlı 4 il əvvəl qəbul olunmuş rəsmi mövqenin rəsmi Yerevan tərəfindən qəbulu barədə S.Sarkisyanın təsdiqi göstərir ki, kompromislər "Yenilənmiş Madrid Prinsipləri" əsasındadır. Bu sənəd ətraf 7 rayonun dərhal, Dağlıq Qarabağın özünün isə Azərbaycana tədricən qaytarılmasını nəzərdə tutur. Ermənistanın bu prosesə maneçilik etməyə imkanı yoxdur. Belə məsələlərdə Ermənistanın maraqlarına cavab verən pozuculuq işi ilə ATƏT MQ həmsədrləri məşğul idilər. S.Sarkisyanın ucbatından ATƏT MQ arabanın "beşinci təkər"inə çevrilib".
Politoloqun sözlərinə görə, ABŞ-ın mövqeyi Rusiyanın mövqeyinə yaxınlaşıb: "V.Putin Dağlıq Qarabağ münaqişəsini "siyasi vasitələrlə" tənzimləmək istəyirsə, B.Obama "siyasi vasitələr-dinc danışıqlar vasitəsilə" tənzimləmək niyyətindədir. ABŞ dövlət katibi C.Kerri Aİ-nin Vilnüs sammitində iştirak etmək üçün noyabrın 29-30-də Litvada olacaq. ATƏT-in ənənəvi illik ministerialı isə dekabrın 4-5-nə təyin olunub. Aralıqda olan üç gün ərzində C.Kerri Azərbaycan və Ermənistan prezidentlərilə görüşə, onların birbaşa dialoqunun təşkilində iştirak edə bilər. C.Kerri çox böyük ehtimalla Böyük Sülh Müqaviləsinin imzalanmasına cəhd edəcək. Azərbaycan yalnız Dağlıq Qarabağ münaqişəsinin praktik tənzimlənməsinin başlamasına imkan verən "Böyük Sülh Müqaviləsini" imzalaya bilər. Tənzimlənmə prinsipləri haqqında nəzəri, aralıq sənədlərin imzalanması Ermənistanın pul dilənmək maraqlarına cavab verir, Azərbaycanın maraqlarına ziddir".
Mərkəzin direktoru hesab edir ki, ABŞ-ın artan aktivliyi RF-də müxtəlif reaksiyalar yarada bilər: "RF-də də Dağlıq Qarabağ münaqişəsinin ABŞ-ın və digər qüvvələrin vasitəsilə tənzimlənməsinin tərəfdarları var. Bu halda RF Azərbaycanı itirə bilər. RF C.Kerrinin regiona səfərinədək bəzi aktivliklər nümayiş etdirə bilər".
Politoloqun sözlərinə görə, Ermənistan prezidenti S.Sarkisyan isə münaqişənin tənzimlənməsində bəzi addımlar atmalı olacağını başa düşür:
"Eyni zamanda rəhbərlik etdiyi ölkənin indiki və gələcək tarixi qarşısında simasını da qorumağa çalışır. Belə vəziyyətdə yeganə çıxış yolu ordu ilə manevr etməkdir. Vaxtilə, Dağlıq Qarabağda döyüşüb Azərbaycan torpağını işğal edənlər indi təkcə Allahın deyil, həm də S.Sarkisyanın qəzəbinə tuş gəliblər. S.Sarkisyan bəlkə də şüurlu şəkildə Suriya ermənilərinin Dağlıq Qarabağa köçməsinə, Ermənistan-Gürcüstan keçid məntəqəsinin super rekonstruksiyasına, frankofoniyaya pul ayırıb ki, Qarabağ müharibəsində iştirak edənlərə pul çatmasın. Bununla da o, indiki hərbçilərin hərbi döyüş ruhunu öldürür. Qarabağda döyüşənlərinin mövcud durumları Azərbaycanla təmas xəttində dayanan hərbçilər üçün çox pis nümunədir və hərbi ruhun ölməsi deməkdir. Hərbi ruh Ermənistan rəhbərliyinin ən çox istifadə etdiyi təbliğat düsturlarındandır. Sünik vilayətinin qubernatoru S.Xaçaturyanın evində Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin komandiri A.Budaqyanın başına gələnlər də S.Sarkisyanın hərbçilərə verdiyi qiymətin ölçüsüdür. Hərbçini evinə dəvət edib güllələtdirən S.Xaçaturyan, oğlu və mühafizəçisi həbsdən azad edildi, A.Budaqyana qarşı açılmış cinayət işinə yeni istiqamət verildi. Bu addımlar S.Sarkisyanın ordunun daxilində vəziyyəti gərginləşdirmək kursunu götürdüyünü göstərir: ordunun daxilində iğtişaşlar yaratmaqla onu zəiflədir və çıxılmaz vəziyyətdə olduğu üçün Dağlıq Qarabağ tənzimlənməsinə məcburən getdiyini xalqına başa salır".