...

Şəhid zabitimiz Elnur Cəfərovun dəfn mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2014 15:45 (UTC +04:00)
Azərbaycan Ordusunun şəhid olmuş zabiti Elnur Cəfərovun dəfn mərasimi keçirilib.
Şəhid zabitimiz Elnur Cəfərovun dəfn mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun şəhid olmuş zabiti Elnur Cəfərovun dəfn mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 24-də Naxçıvan Beynəlxalq Hava limanında şəhid Elnur Cəfərovun cənazəsini Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Muxtar Respublikası Dövlət Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin, Daxili Qoşunların Naxçıvan alayının, Naxçıvan sərhəd diviziyasının, Fövqəladə Hallar Nazirliyinin mülki-müdafiə alayının zabitlərindən ibarət nümayəndə heyəti və Naxçıvan şəhər ictimayəti təntənəli şəkildə qarşılayıblar.

Cənazə böyük maşın karvanının müşayiəti ilə şəhid Elnur Cəfərovun ata yurduna, Şərur rayonunun Axamməd kəndi istiqamətində hərəkətə başlayıb. Yol boyu insanlar şəhidin cənazəsi önündə baş əyib, hərbiçilər farağat komandasında dayanaraq hərbi salam veriblər.

Şəhidin cənazəsi el adətinə uyğun olaraq ata ocağına gətirilib. Burada uşaqdan-böyüyə hamı onunla vidalaşmağa və onun əsl vətən oğlu kimi göstərdiyi fədakarlıq önündə baş əyməyə gəlib.

Hamı bir ağızdan "O, ölmədi, Şəhid oldu, əbədiyyətə qovuşdu", "Başın sağ olsun Vətən", "Təki Vətən yaşasın" deyib.

Atası Cəfər kişi əlini kənd camaatına tərəf qaldıraraq deyib: "Camaat, mən fəxr edirəm ki, mənim oğlum Elnur Azərbaycanımızın torpaqları uğrunda canından keçərək Şəhid oldu!"

Cənazə dəfn olunmaq üçün hərbçilərin çiyinləri üzərində minlərlə insanın müşayiəti ilə Şəhidlər xiyabanına aparılıb Üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazə xiyabanda əvvəlcədən hazırlanmış xüsusi yerə gətirilib.

Şəhid Elnur Cəfərovun ruhuna ehtiram əlaməti olaraq mitinq keçirilib. Dəfn mərasmində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin zabit yoldaşları çıxış ediblər.

Elnur Cəfərovu son mənzilə yola salınarkən, dəfn mərasiminin sonunda cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidlərin dəfn olunması qaydalarına uyğun olaraq, təntənəli şəkildə şəhidin atasına təqdim olunub. O, üçrəngli Azərbaycan bayrağını mərasim iştirakçıları qarşısında öpərək başı üzərinə qaldırıb.

Azərbaycan xalqı Şəhidlərimizin adını daim uca tutacaq, Vətən uğrunda canından keçənlərin xatirəsinə kölgə salmaq cəhdlərinə heç vaxt yol verməyəcəkdir!

Qeyd edək ki, şəhid Elnur Cəfərovun yas mərasimində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, onun müavinləri, Baş nazir və onun müavinləri, aparat rəhbəri və generallar iştirak ediblər.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti