Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/
ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin təklif etdiyi prinsiplərində hansısa yeni məsələ görünmür. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S.Seyidov qeyd edib ki, ancaq hər bir halda Dağlıq Qarabağ məsələsinin gündəmə gətirilməsi, ABŞ tərəfindən bir daha səslənməsi özü-özlüyündə vacib məsələdir:
"Hazırda bizim məqsədimiz dünyada gedən prosesləri nəzərə alaraq, Ermənistanın işğalçı siyasətini bir də təqdim etmək və dünyaya Ermənistanın sanksiyalar altında olmamağı haqqında məlumatı çatdırmaqdır. Ən əsas məsələ bundan ibarətdir. O ki qaldı Dağlıq Qarabağla bağlı bəyanatlara, o cümlədən C.Uorlikin bəyanatı, Azərbaycan Prezidentinin Dağlıq Qarabağla bağlı aparılan düzgün siyasətin nəticəsidir ki, Qarabağ məsələsi gündəmdən çıxmır, hətta gündəmə gətirilir və onun həll olunmasının vacibliyi qeyd olunur".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edib.
Amerikalı həmsədrin fikrincə, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element durmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.
Uorlik qeyd edib ki, uzunmüddətli sülh kağız üzərində əldə olunmamalıdır, etimada əsaslanmalıdır.
Həmsədr əmindir ki, danışıqlar prosesində bu günədək əldə olunanlar əsas gətirilərək irəliləyiş üçün vaxt gəlib çatıb. O, bir daha qeyd edib ki, Minsk qrupunun həmsədrləri tərəflərə kömək etmək arzusu ilə sülh əldə etməkdə həmfikirdirlər.