...

Mübariz Əhmədoğlu: Ermənistan rəsmilərinin davranışı panikanın göstəricisi deyilsə, hakimiyyət çevrilişinə hazırlığın əlamətidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2014 11:30
Azərbaycan-Ermənistan münasibətlərində indi baş verənlər normal məntiqlə çox asan izah olunur.
Mübariz Əhmədoğlu: Ermənistan rəsmilərinin davranışı panikanın göstəricisi deyilsə, hakimiyyət çevrilişinə hazırlığın əlamətidir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan-Ermənistan münasibətlərində indi baş verənlər normal məntiqlə çox asan izah olunur. Rəsmi Yerevan başa düşür ki, Azərbaycanla Ermənistan arasında fərq bütün parametrlər üzrə sürətlə artır". Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, fərqdəki bu artım hərbi məsələlərdə daha çox aktuallıq kəsb edir: "Çünki iqtisadi, siyasi və diplomatik sahədə Azərbaycanın Ermənistanı dəfələrlə üstələməsi heç kimdə şübhə yaratmır. Rəsmi Yerevan hərbi fərqin fəsadını anlayır. Onun məhz indiki dövrdə Azərbaycana qarşı hərbi təxribatlar hazırlaması məntiqlidir. Əgər Ermənistan hərbi təxribatlar hazırlamasa idi bu öz təbii ölümünü gözləyən qocaya bənzəyərdi. Ermənistan rəhbərliyi hələki bu niyyətdə deyil. Son 2 ildə Ermənistan rəhbərliyi Azərbaycana qarşı hərbi təxribat hazırlamaqla məşğul idi. Ermənistan prezidenti S.Sərkisyanın Vazgen Sərkisyan adına hərbi məktəbin zabitləri ilə görüş zamanı verdiyi bəyanat Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun aydın çağırışı idi. Ermənistanın siyasətinə bələd olanlar, S.Sərkisyanı tanıyanlar buna zərrə qədər şübhə etmir".

M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan hərbçiləri Ermənistanın 2 il ərzində hazırladıqları hərbi planı darmadağın etdilər: "İtkilərimiz var, amma Ermənistanın 2 illik hücum hazırlığı planının pozulması müqabilində Azərbaycanın itkiləri ən minimaldır. Ermənistan rəsmiləri dil-qəfəsə qoymadan Ermənistanın qələbəsindən danışırlar. Görüşlər, iclaslar, mətbuat konfransları buna xidmət edir. Müdafiə naziri keçmiş döyüşçülərdən müsahibə götürməyi mətbuata qadağan edib. Ancaq məqsədyönlü danışanlar mətbuata buraxıla bilər. Əslində ermənilər bir-birini daha yaxşı tanıyırlar. Ona görə qısa müddətli yalandan istifadə edirlər. Azərbaycan hərbçiləri ermənilərin indiki hücumunu dəf edibsə, Ermənistanın əlavə hücum-təxribatlarının da qarşısını alacaq. Eləcə də Azərbaycanın daha ağır silahlardan istifadə etməsinin də qarşısını heç kim ala bilməyəcək".

Politoloq hesab edir ki, Ermənistan rəsmilərindən fərqli olaraq Ermənistan əhalisi vəziyyəti düzgün başa düşüb: "Ona görə qorxur və rəsmilərdən daha real addımlar atmağı tələb edir. Son vaxtlar Ermənistanın ictimai-siyasi mühitində Azərbaycanla barışığa dair fikirlər səslənib. Populyar sosioloq A.Adıbekyan və hətta keçmiş "Qarabağ" komitəsinin üzvü A.Manuçaryan Azərbaycanla münasibətlərin normallaşmasından danışır. A.Manuçaryana görə Levon Ayrapetyan Azərbaycan-Ermənistanın münasibətlərini normallaşdırmaq fikrində imiş və bu kimlərəsə sərf etməyib və onu həbs ediblər. Ermənistan rəhbərliyinin bu fikirləri diqqətə almaması onun mahiyyətindən irəli gəlir. Çünki hakimiyyətdəkilər quldur, faşist və işğalçılardır. Amma təkcə onlar deyil. Keçmiş döyüşçülər də bu xislətlərinə görə S.Sərkisyandan qətiyyən fərqlənmirlər. Ermənistanda 2 vəzifəli yaranmış vəziyyətdən şəxsi mənafeləri üçün də istifadə etmək istəyir. Baş nazir O.Abramyan və müdafiə naziri S.Ohanyan Ermənistanın həmsərhəd regionlarından çıxmırlar. Əhalini sakitləşdirməklə məşğuldurlar. S.Ohanyanın ardınca O.Abramyan da Dağlıq Qarabağa gəldi".

Politoloqun sözlərinə görə, müdafiə naziri S.Ohanyan baş naziri O.Abramyanın təşkil etdiyi iclasda yeni gedişlər etdi: "Guya Azərbaycanın ən böyük təhlükəsi Mingəçevir gölünün partladılmasıdır. S.Ohanyanın hökumətin iclasında bu arqumenti səsləndirməsinin əsas səbəbi həmin iclasda baş nazir O.Abramyanı psixoloji cəhətdən üstələmək idi. O.Abramyan ayrı istiqamətdə qərarlar qəbul edə bilərdi. S.Ohanyan Ermənistan Fövqəladə Hallar Nazirliyini öz "balansına" keçirdi. Ermənistan Fövqəladə Hallar Nazirliyi ABŞ-ın yetirməsidir. S.Ohanyan hərbiləşdirilmiş struktur olan Fövqəladə Hallar Nazirliyinin O.Abramyana tabe olmasına imkan verə bilməz. S.Ohanyanın Mingəçevir SES ilə bağlı dedikləri onun səviyyəsizinin və savadsızlığının ən bariz nümunəsidir. Birincisi, Azərbaycanda bilirlər ki, Mingəçevir gölü böyük su tutumuna malikdir. Bu göldə suyun dərinliyi 100 metr olduğu halda partlayarsa, Azərbaycanın 26 rayonu ciddi fəsad görəcəkdir. Hətta ilk kilometrlərdə suyun hündürlüyü 9 metrə çata bilər. Buna görə indi Mingəçevir gölündə suyun hündürlüyü 77 metrdən yuxarı qalxmır. Bu Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən az fəsadla idarə oluna bilən vəziyyətdir. İkincisi, Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin mərkəzi qərargahı Mingəçevirdə yerləşir. Başqa sözlə, Mingəçevir gölünə hücum Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin mərkəzi qərargahına hücum deməkdir. S-300 raketlərə malik Azərbaycanda Mingəçeviri vurmaq ermənilərin işi deyil. Üçüncüsü, indi müasir tankların və bəzi qurğuların özlərinin raket hücumundan müdafiə sistemləri var. Bu müasir tank və qurğulardan istifadə etməklə Mingəçevir gölünün təhlükəsizliyini asanlıqla təmin etmək olar. S.Ohanyanın Mingəçevir gölü ilə bağlı dedikləri ona görə bir dəqiqəlik effekt üçündür. Çünki S.Ohanyan Ermənistanda 3 nüvə müəssisəsinin olduğunu "unudur". Sünik vilayətindəki 2 nüvə tullantıları anbarının hər birisinin partladılması ermənilərin miqrasiyasını onlarla dəfə sürətləndirəcəkdir. Metsamor AES-ə bir raket zərbəsi isə Dağlıq Qarabağdan bütün erməni qoşunlarının Ermənistana qaytarılması deməkdir. Ermənistan Mingəçevir SES-ə raket atacağı təqdirdə Azərbaycan Ermənistanın iki nüvə tullantısı anbarına və Metsamor AES-ə raket atmaması mümkün deyil".

M.Əhmədoğlunun fikrincə, Ermənistanda keçmiş döyüşçülərin aktivləşməsi isə atom bombasından daha təsirlidir: "S.Sərkisyan hərbi ritorikadan istifadə etməyə məcburdur;Ermənilərin idarə olunması üçün müharibə qorxusu zərurətə çevrilib. Hərbi ritorika isə keçmiş döyüşçüləri aktivləşdirib. S.Sərkisyan keçmiş döyüşçülərin aktivləşməsinin qarşısını ala bilməyəcək. Aktivləşmiş döyüşçülər isə qısa müddət ərzində silahları və orduda bir qrup gənci ələ keçirəcəklər. Belə döyüşçülər qısa müddət ərzində silahlarını və idarə etdikləri əsgərləri Serj Sərkisyan hakimiyyətinə qarşı çevirəcək. Keçmiş döyüşçülərin böyük əksəriyyəti S. Sərkisyandan hədsiz narazıdır. Onların böyük bir qismi hətta müdafiə naziri S.Ohanyandan da narazıdır.

Ermənistan üçün faciəli günlər qabaqdadır. Bu perspektivi görən baş nazir O.Abramyan və müdafiə naziri S.Ohanyan əslində hakimiyyət uğrunda mübarizəyə başlayıblar. O.Abramyanın əsas məqsədi cəbhəyani bölgələrdə iqtisadi prosesləri gücləndirməklə hərbi prosesləri sakitləşdirməkdir. Bununla da bütün Ermənistan boyu piar kampaniya təşkil etmək istəyir. S.Ohanyan indiki vəziyyətdə baş nazirdən daha güclü görünür. Siyasi bəyanatlarına görə onun rəhbərlik etdiyi müdafiə nazirliyi hətta Ermənistanın xarici işlər nazirliyini üstələyib. Eyni zamanda artıq bəlli oldu ki, S.Ohanyanın NATO və ABŞ-dan dəstəyi vardır. Məhz buna görə KTMT üzv dövlətlərin NATO ilə əlaqələri kəsməsi ilə bağlı qərar qəbul etməsinə baxmayaraq Ermənistan müdafiə nazirliyi NATO ilə əlaqələri kəsmədi, əksinə daha da intensivləşdirdi. Hərbi vəziyyətin gərginləşməsinin son mərhələsində S.Ohanyan öz müavini D.Tonoyanı Rusiyaya deyil, ABŞ-a göndərdi. Ermənistanın müdafiə nazirinin müavinini ABŞ-da çox yüksək statusda qəbul etdilər. bu işdə Ermənistanın ABŞ-dakı indiki səfiri, keçmiş baş nazir T.Sərkisyanın da rolu ola bilər. Çünki Tiqran Sərkisyan həm indiki baş nazir O.Abramyan və həm də prezident S.Sərkisyandan çox narazıdır. Ona görə yaranmış vəziyyətdə Ermənistanın müdafiə nazirinin mövqeyinin qabağa çıxmasına çalışır. Müdafiə naziri S.Ohanyanın ABŞ-la siyasi əlaqələri tədqiqatçılar üçün sirr deyil. Prezident seçkiləri zamanı Serj Sərkisyanın qadağasına baxmayaraq məhz S.Ohanyan müxalifətin lideri, ABŞ vətəndaşı, "İrs" partiyasından prezidentliyə namizəd R.Ovannisyanın Dağlıq Qarabağa getməsinə və hərbçilərlə görüşməsinə şərait yaratdı. S.Ohanyan bunu ABŞ-ın təklifi ilə etmişdi.

Ermənistanın daxili vəziyyəti, keçmiş döyüşçülərin fəallaşması, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müttəfiqlərinə çevrilir. Prezidentin baş verən proseslərin qarşısını almağa gücü yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti