...

Mübariz Əhmədoğlu: ATƏT MQ üçün işğalçılığın uzadılmasında Ermənistana kömək etmək Dağlıq Qarabağ tənzimlənməsindən daha prioritetdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2014 12:32 (UTC +04:00)
2014-cü il ərzində ATƏT MQ həmsədrləri və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi A.Kaspşik xeyli manevrlər etdilər. Mövqe dəyişikliyi görüntüsü yarada bildilər.
Mübariz Əhmədoğlu:  ATƏT MQ üçün işğalçılığın uzadılmasında Ermənistana kömək etmək Dağlıq Qarabağ tənzimlənməsindən daha prioritetdir

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

2014-cü il ərzində ATƏT MQ həmsədrləri və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi A.Kaspşik xeyli manevrlər etdilər. Mövqe dəyişikliyi görüntüsü yarada bildilər. Amma bütün bunların hamısının əsas qayəsini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubadılması təşkil edib. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, 2014-cü il Ukrayna hadisələri fonunda RF-lə Qərb arasında geosiyasi mübarizə ili kimi xarakterizə oluna bilər. Bu özünü ATƏT MQ müstəvisində də göstərdi: "Onların aktivliyin ən pik vaxtı avqust ayında hərbi insidentlərin dövrünə düşdü. V.Putinin dəvətilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşməsi ABŞ-da qıcıq yaratdı. V.Putinin təşəbbüsünə cavab olaraq ABŞ və Fransa da Azərbaycan və Ermənistan prezidentlərin görüşünü təşkil etdilər. Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri ümumilikdə Ermənistanın mövqeyinə təsir etmədi. O işğal olunmuş Azərbaycan ərazilərindəki keçirdiyi hərbi təlimlə tənzimləmənin dinc yolunu inkar etməsini və işğalçılığını davam etdirmək niyyətində olduğunu sübut elədi. Həmsədrlərin faktiki fəaliyyəti ABŞ tərəfindən idarə olunur. Ermənistan Respublikasına məxsus hərbi helikopterin Azərbaycan Respublikasının işğal olunmuş Ağdam rayonu ərazisində vurulması zamanı ABŞ-ın Ermənistandakı səfiri C.Heffernin davranışı bunu deməyə əsas verir. Prezidentlərin Fransa görüşü barədə, eləcə də digər vacib hadisələr barədə bəyanat yaymayan ATƏT MQ həmsədrləri helikopter vurulması zamanı bir həftə ərzində iki dəfə bəyanat verdilər, bir dəfə də bəyanatlarına düzəliş etdilər. Amerikalı həmsədr C.Uorlik üç "tweet" yazdı".

M.Əhmədoğlu deyib ki, bütün bunları ABŞ-ın Ermənistandakı səfiri Heffern idarə edirdi: "RF ən azı üç səbəbə görə ATƏT MQ-dəki mövqeyini ABŞ-a təhvil verib: Birincisi, RF xarici işlər naziri S.M.Lavrovun əsl soyadı Kələntəryandır və Kələntəryanın öz soydaşları qarşısında Dağlıq Qarabağ məsələsində öhdəliyi var. Ona görə rusiyalı həmsədr özünü amerikalı həmsədrin işçisi kimi fəaliyyət göstərir. İkincisi, RF XİN-in Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi bu münaqişənin uzun müddət davam etməsindən ibarətdir. Suriya hadisələrinin müəyyən bir dövründə Lavrov qəribə təkliflə çıxış etdi. O amerikalılara Suriya proseslərində tənzimləmə görüntüsü yaratmaqla əslində münaqişəni uzatmaq təklifini verdi və bunun üçün ATƏT MQ çərçivəsində Rusiya ilə ABŞ-ın iş birliyini nümunə göstərdi. Yəni beynəlxalq aləm elə başa düşür ki, RF və ABŞ Dağlıq Qarabağ münaqişəsini tənzimləməklə məşğuldur, əslində isə münaqişənin tənzimlənməsi istiqamətində heç bir iş görülmür. Üçüncü səbəb cari geosiyasi proseslərlə əlaqəlidir. RF bir çox sahələrdə Qərbə qarşı mübarizə apardığı halda bir-iki istiqaməti ABŞ-la əməkdaşlıq nümunəsi kimi saxlayıb. Dağlıq Qarabağ tənzimlənməsi belə əməkdaşlıq istiqamətlərindəndir".

Politoloqun fikrincə, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsinin yubanmasındakı mövqeyi ermənilərə inanması ilə bağlıdır. ABŞ hətta AİB üzvü olan Ermənistanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir: "ABŞ dövlət katibinin mətbuat xidmətinin rəhbəri C.Psakinin son bəyanatı bunun sübutudur. Rusiyanın daxilində ABŞ-ın maraqlarına uyğun fəaliyyət göstərə biləcək yeganə qüvvə yalnız ermənilərdir. Ona görə ABŞ Ermənistanın maraqlarını nəzərə alır və buna görə də tənzimlənmədə hər şeyi onların naminə edir. ABŞ-da başa düşürlər ki, onların Cənubi Qafqaz regionu üzrə maraqları da ermənilərsiz mümkün deyil. Livanda "Hizbullah"a qarşı vuruşmağa hazır olduğunun siyasi iradəsini nümayiş etdirməklə ABŞ-ı və İsraili inandıra bildi ki, Ermənistan həm də İran əleyhinə platforma ola bilər. Ona görə ABŞ yeni variantlar işləyib hazırlamaqla ermənilərə yardım edir. Yaxınlarda ATƏT MQ həmsədrlərinin Almaniyaya səfərini də bu kontekstdən qiymətləndirmək lazımdır. Almaniya hökuməti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmişdi. Görünür bu ATƏT MQ həmsədrlərinin fəaliyyət planlarına ziddir. Almaniya hökumətini "başa salmağa" çalışacaqlar".

Onun sözlərinə görə, Böyük Britaniya hökuməti həqiqi mənada indi Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmaq niyyətindədir. ATƏT MQ-nin vasitəçilik resursunu gücləndirmək və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünü təşkil etmək niyyətindədir. ATƏT MQ Britaniyanın bu təşəbbüsünü diqqətdən kənarda saxlayıb.

Politoloq deyib ki, ATƏT MQ-nin indiki həmsədrləri kiçik məmurlardır. Həmsədr ölkə prezidentləri, eləcə də ənənəvi ATƏT ministeriallarındakı həmsədr ölkə nümayəndə heyətlərini başçıları da bu kiçik məmurların mövqeyindən fərqli mövqe ortalığa qoyur: "Amma C.Uorlik, İ.Popov və P.Andre kiçik məmur olsalar da fəaliyyətləri milçəyin bir qazan yeməyi korlaması ilə müqayisə oluna bilər. Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyət kritikdir. Hər an müharibə başlaya bilər. Ermənistanın müdafiə naziri S.Ohanyanın bəyanatından bunu başa düşmək olar. Xarici borcu dövlət büdcəsindən 3-4 dəfə çox olan Ermənistan militarizasiya səviyyəsinə görə Avropada birinci, dünyada üçüncüdür. Ermənistanın işğalçılığı davam etdirməsi üçün bütün resurslarını cəlb edib".

Onun fikrincə, vasitəçilərin indiki fəaliyyəti müharibəni çox katastrofik edə bilər: "Ona görə ATƏT-in Minsk Qrupunun iclasının çağırılmasını təklif edirik. Minsk qrupu öz iclasında həmsədrlərin fəaliyyətini müzakirə edib ciddi qərar qəbul etməlidir. Tərkibinin, mandatının və A.Kaspşikin missiyasının dəyişdirilməsi barədə qərarlar çox zəruridir.

Azərbaycan həmsədrlərin fəaliyyətinin katastrofik müharibəyə doğru aparmasına reaksiya verməlidir:

A) Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıq şəkildə bəyan edən dövlətlərin (məs. Almaniya) həmsədrlər tərəfindən qınaq obyektinə çevrilməsinə Azərbaycan dözümsüzlük nümayiş etdirməlidir.

B) Azərbaycanın ərazi bütövlüyünü aşkar şəkildə inkar edən həmsədrlər, xüsusilə amerikalı həmsədr C.Uorlikin persona non grata elan olunması barədə düşünmək çox yerindədir.

C) Azərbaycanın məhz ATƏT MQ-yə görə ATƏT-ə üzvlük haqqı ödəməsini dayandırmasını məqsədə uyğun hesab edirik.

Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Varlı və imkanlıdır. Azərbaycana bu regionda sabitlik lazımdır. ATƏT MQ həmsədrlərinə görə isə sadəcə müharibə yox, böyük müharibə lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti