...

Azərbaycan və Türkiyə diasporu Almaniyada izdihamlı mitinq-yürüş keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2015 17:56 (UTC +04:00)
Almaniyanın Hannover şəhərində Azərbaycan və Türkiyə diasporunun birgə aksiyası keçirilib.
Azərbaycan və Türkiyə diasporu Almaniyada izdihamlı mitinq-yürüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İlkin İzzət/

Almaniyanın Hannover şəhərində Azərbaycan və Türkiyə diasporunun birgə aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Almaniyanın Hannover şəhərində izdihamlı mitinq-yürüş və geniş məlumatlandırma aksiyası keçirilib. Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət" kampaniyası çərçivəsində "Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və türk diaspor dərnəklərinin dəstəyi ilə baş tutub.

Hannover və digər şəhərlərdə yaşayan azərbaycanlı, türk, eləcə də almanların iştirak etdiyi yürüş şəhərin Georq meydanından başlayaraq şəhərin mərkəzi küçələri ilə Ştayntor meydanına doğru davam edib. Əllərində Azərbaycan, Türkiyə, Almaniya bayraqları, həmçinin müxtəlif plakatlar tutan aksiya iştirakçıları yerli əhalinin, qonaqların diqqətini cəlb etmək məqsədilə səsgücləndiricilər vasitəsilə ingilis və alman dillərində "Ermənistan, Azərbaycandan rədd ol!", "Xocalıya ədalət!", "Xocalını unutma!", "Xocalını unutdurma" kimi şüarlar səsləndiriblər.

Yürüşdən sonra aksiya iştirakçıları Ştayntor meydanına toplaşıblar. "Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev yerli sakinlərə müraciət edərək aksiyanın məqsədi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin torpaqlarımızın 20 faizini işğal etməsi, bir milyondan artıq azərbaycanlının öz torpağından qovulması barədə məlumat verib. O, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti olduğunu vurğulayıb.

Daha sonra soyqırımın dünyada tanıdılması məqsədilə "Xocalıya ədalət!" kampaniyası və bu kampaniya çərçivəsində görülmüş işlər barədə danışan diaspor rəhbəri bütün soydaşlarımızı Xocalı soyqırımına beynəlxalq aləmdə mənəvi-siyasi və hüquqi qiymət verilməsi, faciənin beynəlxalq səviyyədə anılmasını təmin etmək istiqamətində daha fəal olmağa çağırıb. E.Qəniyev faciənin bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanındığını qeyd edərək Almaniya hökumətini də bu soyqırımı tanımağa çağırıb.

Nümayişdə çıxış edən digər azərbaycanlı və türk diaspor təşkilatlarının rəhbərləri də Xocalı soyqırımını törətmiş cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunmadığını təəssüflə qeyd ediblər. Türk diaspor rəhbərləri, eyni zamanda, Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olacağını və lazımi dəstəyi göstərəcəyini bir daha bəyan ediblər.

Qeyd edək ki, mitinqin keçirildiyi Ştayntor meydanı yaxınlığında Xocalı soyqırımı ilə bağlı qurulmuş məlumatlandırıcı stenddə yerli sakinlərə və qonaqlara faciənin ağlasığmaz dəhşətlərini əks etdirən fotolar, vərəqələr və broşürlər paylanılıb. Böyük stenddə azərbaycanlı rəssamlar Eldar Cabbarlı və Telman Quliyevin Xocalı faciəsinə həsr olunmuş rəsm əsərləri də nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti