Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/
Müdafiə Nazirliyi Azərbaycan tərəfə könüllü keçən erməni hərbçisi Andranik Qriqoryanın yeni video görüntüsünü yayıb.
Trend xəbər verir ki, A. Qriqoryan bunları deyib:
"Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam. 2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam. 2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm. Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim. Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar edirdilər. Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfinə keçdim. Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram. Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum. Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar. Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər. Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm, mənasız müharibədən yorulmuşam. Azərbaycan Respublikasında bizə yaxşı baxırlar, yaxşı qulluq edirlər, paltarımı, geyimimi, yeməyimi yaxşı verirlər. Burada özümü çox yaxşı hiss edirəm. Bütün silahları yerə qoymağa, əsgərlərin valideynlərini, analarını, bacılarını Azərbaycan Respublikasına keçməyə çağırıram. Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var - ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir".
Qeyd edək ki, Martın 22-də günorta saatlarında ilkin məlunata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. Qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb.