Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət ciddi əndişə yaradır, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətin partlama təhlükəsi var". Trend-in "Rossiya 24" telekanalına istinadən məlumat verir ki, bunu Moskvada mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zannier deyib.
O, qeyd edib ki, bu, beynəlxalq birliyin vəziyyətin həllinə diqqət yönəltməli olduğu məqamdır.
L. Zannier əlavə edib ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə nail olacaq: "Bu regionun monitorinqi ilə məşğul olan xüsusi qrupumuz var, lakin bu, daimi qrup deyil, o, zərurət yarananda toplaşır. Biz hər iki tərəfin bu məsələnin həllinə töhfə verə bilməsi üçün vəziyyət yüngülləşdirmək məqsədilə bir sıra prinsiplər hazırlamışıq".
O, diqqətə çatdırıb ki, vəizyyətin inkişaf dinamikası narahatlıq doğurur: "Hesab edirəm ki, bu məsələnin həlli üçün siyasi təşəbbüslərin vaxtı çatıb".