Bakı. Anaxanım Hidayətova - Trend:
Erməni lobbisi AŞ PA Siyasi məsələlər komitəsinin Azərbaycan üzrə qətnaməsinin qəbul edilməməsi üçün bütün zəruri addımları atacaq. Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı və Ermənistanın təcavüzü faktlarını Avropaya çatdırmalıdır: "AŞ PA-nın Siyasi məsələlər komitəsinin Azərbaycan üzrə qətnaməsinin qəbul edilməsi beynəlxalq hüquq baxımından vacib addımdır".
Millət vəkili qeyd edib ki, əgər belə qətnamələr yekun olaraq təsdiq edilməsə, Avropa üçün geriyə böyük addım, eləcə də beynəlxalq hüquqa və Avropa dəyərlərinə zərbə olacaq: "Avropanın çox uzağa gedərək Ermənistanı səsvermə hüququndan məhrum edəcəyini düşünmürəm. Avropadakı erməni lobbisinin həddən artıq təsir imkanları var".
Qeyd edək ki, noyabrın 4-də AŞ PA Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırmışdı. Bu barədə AŞ PA-nın Siyasi məsələlər komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir.
AŞPA, həmçinin Minsk prosesi çərçivəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırıb.