...

Aydın Mirzəzadə: "Prezidentlərin Sankt-Peterburq görüşü müəyyən ümidlər verir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2016 12:49 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşü hər iki ölkədə, eyni zamanda Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olan dairələrdə böyük maraqla qarşılandı.
Aydın Mirzəzadə: "Prezidentlərin Sankt-Peterburq görüşü müəyyən ümidlər verir"

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşü hər iki ölkədə, eyni zamanda Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olan dairələrdə böyük maraqla qarşılandı.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, aprel ayında cəbhə xəttində baş verən hadisələrdən sonra vəziyyət köklü şəkildə dəyişdi: “Birincisi, Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə Ermənistandan qat-qat güclü olduğu bir daha aydın oldu. İkincisi, Azərbaycan özünün ərazi bütövlüyünün pozulmasına, ərazilərinin işğal altında qalmasına dözmək istəmədiyini bir daha ortaya qoydu və dünyanın diqqəti Dağlıq Qarabağ məsələsinə daha çox yönəldi”.

A.Mirzəzadə deyib ki, Ermənistanın təkidli xahişlərindən sonra, eyni zamanda beynəlxalq təşkilatların müraciətlərindən sonra atəşkəs əldə edildi.

Deputat qeyd edib ki, yeni reallıq Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Onun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü müəyyən ümidlər verir: “Düzdür, danışıqların məzmunu və əldə edilən razılıqlar barədə hər hansı konkret məlumat yoxdur, bununla belə, danışıqların bundan sonra üçtərəfli formatda, yəni Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilməsi, danışıqların davam etdirilməsi haqqında razılığın əldə edilməsi hər halda müəyyən irəliləyişlərin olduğundan xəbər verir. Həmçinin Azərbaycan Prezidenti görüşdən əvvəl problemin həllinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üzərində qurulduğunu bildirdi. Bu onu göstərir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmir. Ümid etmək istərdik ki, növbəti görüşlərdə irəliləyişlər olacaq”.

A.Mirzəzadə vurğulayıb ki, əgər Ermənistan yenidən qeyri-konstruktiv mövqe göstərərsə və yaxud danışıqları uzatmaq siyasəti yeridərsə, onda Azərbaycan artıq növbəti addımlar haqqında ciddi düşünməli olacaq: “Bu barədə Azərbaycan tərəfi artıq dəfələrlə bildirib. Azərbaycanın mövqeyi birmənalıdır. Heç bir halda Azərbaycan öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti