...

Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur - Çingiz Əsgərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2020 09:54 (UTC +04:00)
Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur - Çingiz Əsgərov

Bakı. Hüseyn Səfərov - Trend:

Avropa Məhkəməsinin Ramil Səfərovun işi ilə bağlı qərarı Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur.

Bunu Trend-ə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Avropa İnsan Hüquqları Məhkəməsinin "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" işinə dair qərarını şərh edərkən deyib.

Ç.Əsgərov xatırladıb ki, Budapeştdə baş verən hadisələrdə iştirak edən zabitlərin qohumları Azərbaycan və Macarıstana qarşı Avropa Məhkəməsinə şikayət ediblər: "Bu prosesdə Azərbaycan və Macarıstan hökumətləri cavabdeh qismində iştirak ediblər. Proses xeyli müddətdir ki, davam edir və belə bir qərar olduqca gözlənilən idi. Çünki əvvəllər AİHM tərəfindən həyat hüququ və ayrı-seçkiliyin qadağan edilməsini nəzərdə tutan Avropa Konvensiyasının 2 və 14-cü maddələri üzrə həlledici qərarlar qəbul edib. Amma mən erməni tərəfinin bu qərarı necə şərh etməsi ilə tamamilə razı deyiləm. Bu, yaşamaq hüququnun maddi aspektinin pozulması məsələsinə aiddir".

O, həmçinin qeyd edib ki, Avropa Məhkəməsinin qərarını qiymətləndirmək üçün Portuqaliyanı AİHM-də təmsil edən hakim Paulo Albukerkenin rəyinə diqqət yetirilməlidir: "Onun xüsusi fikrini nəzərdən keçirsən, erməni tərəfinin Avropa məhkəməsinin qərarından nə istədiyini başa düşə bilərik. Erməni tərəfi yaşamaq hüququnun maddi aspekti məsələsində Azərbaycanın beynəlxalq hüquqi məsuliyyətinin qəbul olunmasına çalışırdı. İş üzrə ikinci cavabdeh tərəf R.Səfərovu Bakıya ekstradisiya edən Macarıstan olub. Lakin AİHM rəsmi Budapeştin hərəkətlərində heç bir qanun pozuntusu tapmayıb. Başqa sözlə, Ramil Səfərov Macarıstan hökuməti tərəfindən qanuni olaraq Azərbaycana verilib və Azərbaycan Konvensiyanın müddəalarına uyğun olaraq faktiki olaraq onu qəbul edib. Avropa Məhkəməsinin qərarında nəzərə alınmalı olan əsas şey budur. Amma ən maraqlısı portuqaliyalı hakimin xüsusi rəyinin sonundadır. O hesab edir ki, zərərçəkənlər üçün ədalət bərpa olunacaq, bu iş Avropa Məhkəməsinin Böyük Palatasına gedəcək və məhkəmə Konvensiyanın bütün bu "pozuntularını" tapacaq. Yəni hakimin bu xüsusi rəyinin qərəzli olmadığını deməzdim".

Səlahiyyətli nümayəndə əlavə edib ki, Azərbaycan hökumətinin atacağı addımlar barədə danışmaq hələ tezdir:

"Qərar yalnız bu gün dərc olunub və işin Avropa Məhkəməsinin Böyük Palatasına göndərilməsinin mümkünlüyünü nəzərdən keçirmək üçün Azərbaycanın 3 ay vaxtı var. Qeyd etmək istəyirəm ki, bu qərar ümumi tədbirlər baxımında Azərbaycan tərəfinin üzərinə heç bir öhdəlik qoymur. Yalnız fərdi tədbirlər var ki, bunlar da Azərbaycan hökumətinin iddiaçıların məhkəmə xərclərinin ödəməsindən ibarətdir. Qərarda maddi və ya mənəvi ziyan da daxil olmaqla heç bir təzminat müəyyən edilməyib. Buna görə hazırda Avropa Məhkəməsində qərardan şikayət etmək üçün hər hansı bir tədbir görüləcəyini söyləmək çətindir".

Erməni lobbiçilərinin bu prosesdə iştirak edib-etməməsi barədə danışan Ç.Əsgərov Avropa Məhkəmənin öz maraqlarını sakit şəkildə təbliğ edə biləcəyi və erməni lobbisinin çox fəal olduğu Avropa Şurası Parlament Assambleyası qədər siyasiləşmiş orqan olmadığını deyib:

"Digər tərəfdən, bu, lobbinin və ya Ermənistan hökumətinin iş olduğunu bilmirəm, amma iddiaçılar əsasən Azərbaycana qarşı şikayətlərdə Ermənistan tərəfində dayanan eyni insanlar, yəni Britaniya hüquqşünaslar tərəfindəbn müdafiə olunur. Gələcəkdə, şübhəsiz ki, erməni tərəfi bu qərarı hansısa Avropa siyasi strukturlarında Azərbaycana qarşı istifadə etmək üçün təbliğ edəcək. Ancaq bir daha qeyd etmək lazımdır ki, istənilən halda bu qərar Azərbaycanın üzərinə heç bir beynəlxalq hüquqi öhdəlik qoymur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti