...

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ DAĞLIQ QARABAĞ ÜZRƏ İCLASININ GÜNDƏLİYİ AÇIQLANIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2005 12:04 (UTC +04:00)

Sentyabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yardımçı komissiyasının Dağlıq Qarabağ üzrə ikinci iclası keçiriləcək. Trend in xəbər verdiyi kimi, AŞ katibliyinin açıqladığı dinləmə proqramına əsasən, yerli vaxtla saat 09:30-da yardımçı komitənin sədri britaniyalı parlamentari Lord Rassel-Conson iclası açacaq.

Daha sonra Britaniyanın "Münaqişələr və dövlət quruculuğu üzrə London informasiya şəbəkəsi" (LINKS) qeyri hökumət təşkilatının icraçı direktoru Dennis Sammut çıxış edəcək.

Bundan sonra Ermənistanın XİN-in ATƏT departamentinin rəhbəri Varujan Nersisyan və Azərbaycanın xarici işlər naziri Araz Əzimov tərəflərin mövqelərini təmsil edəcəklər.

Vasitəçilərin mövqeyini ATƏT-in fəaliyyətdə olan həmsədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik, ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri Bernar Fasye və Yuri Merzlyakov, həmçinin Avrasiyada münaqişə məsələləri üzrə ABŞ-ın Dövlət Departamentinin xüsusi nümayəndəsinin ofisinin əməkdaşı Con Krosbi təmsil edəcəklər.

Yardımçı komissiya AŞ PA-nın iyun sessiyasında qəbul olunmuş 1416-cı qətnamənin 5-ci bəndinə əsasən yaradılıb.

Dinləmələrdə AŞ PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker, həmçinin ATƏT-in Minsk qrupunun iştirakçı dövlətlərinin parlament nümayəndələri çıxış edəcəklər.

Dinləmələr zamanı AŞ-nin mövqeyini onun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Heyki Talvitie səsləndirəcək, bundan sonra isə müzakirələr başlanacaq.

Yardımçı komissiyanın iclası yerli vaxtla saat 17:00-a kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti