"Azərbaycan yolu" Siyasi Hərəkatı "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı tədbirlərinə start verib. Hərəkatdan Trend ə verilən məlumata görə, ilk tədbir fevralın 18-də saat 17.00-da İsveçdə keçirilib.
İsveçdə yaşayan azərbaycanlılar Stokholm şəhərinin "Sergelstronq" meydanında etiraz mitinqi keçirib, Xocalı soyqırımının tanınması tələbi ilə çıxış ediblər. Aksiyada Qarabağ faciəsini əks etdirən fotoşəkillər nümayiş etdirilib, "Ya Qarabağ, ya ölüm!" şüarları səsləndirilib. Tədbirin sonunda soydaşlarımız BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməsinə hörmətlə yanaşılmasını və Azərbaycan torpaqları olan Dağlıq Qarabağdan Ermənistanın işğalçı ordusunun çıxarılmasının təmin olunmasını tələb ediblər.