...

Araz Əzimov: Ermənistan tərəfinin referendum, Kəlbəcər və Laçının statusları ilə bağlı bəyanatları spekulyativ və yalan xarakter daşıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2006 16:18 (UTC +04:00)

Ermənsitanın bir çox məsələlər, o cümlədən, referendum, Kəlbəcər və Laçının statusları barədə bəyanatları spekulyativ və yalan xarakter daşıyır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyulun 3-də xarici işlər naziri müavini Araz Əzimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisində yalnız ümummilli referendum keçirilə bilər və bu mövqe ölkənin Konstitusiyasında aydın qeyd olunub. Azərbaycan rəhbərliyi bu mövqedən geri çəkilmək niyyətində deyil və bu istiqamətdəki spekulyasiyalar yalandır.

O xatırladıb ki, Dağlıq Qarabağ erməniləri tək deyil, azərbaycanlılarla birlikdə yaşayıb. "Əgər demokratiyadan danışırıqsa, regionun demoqrafiyası da bərpa edilməli, Azərbaycan icması geri qayıtmalıdır" - deyə diplomat əlavə edib. Bunun üçün sülh şəraitinin təminatı və işğal olunmuş ərazilərin azad edilməsi lazımdır. "Bu, normal məntiqi prosesdir və bu məntiqi Ermənistan tərəfi də qəbul edib... Siyasi problemin həlli - hər iki icmanın birgə yaşayış statusunun müəyyənləşdirilməsi demokratik yolla, lakin qanun çərçivəsində həyata keçirilməlidir" - deyə o vurğulayıb.

A.Əzimov Kəlbəcər və Laçının Ermənistan tərəfinin nəzarəti altında saxlanacağı haqqında bəyanatları da yanlış adlandırıb. "Heç kim erməniləri hər hansı bir ərazini girov kimi saxlamağa imkan verməz" - deyə diplomat vurğulayıb. Onun dediklərinə görə, Laçın problemini rayonun yol infrastrukturunu həm Ermənistanla Azərbaycanın, Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların, həm də Naxçıvan MR ilə birgə istifadəsi vasitəsilə həll etmək olar.

"Kimsə bu təklifi ilk dəfə eşitdiyini bəyan etsə, bu da yalan olar. Kəlbəcərə dair bəyanatlar da yalan olacaq, çünki bu rayondan Dağlıq Qarabağa keçidlərdə xüsusi nəzarət olacaq, orada beynəlxalq sülhməramlı kontingent və nəzarətçi yerləşdiriləcək və heç bir təhlükə olmayacaq" - deyə o bildirib. Diplomat həmçinin Dağlıq Qarabağın azərbaycanlı icmasının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə çatdırıb. "Münaqişə zonasında birtərəfli silahsızlaşdırma mümkün deyil. Silahsızlaşdırma ikitərəfli olmalıdır və Ermənistan silahlı qüvvələri oranı tərk etməlidir" - deyə A.Əzimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti