"Beynəlxalq ictimaiyyət Ermənistana aydın bildirməlidir ki, Avropanın bir hissəsi olmağa çalışan bir dövlət bu kimi əməllərindən əl çəkməli və qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır".
Bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Toni Lloyd və Andres Herkellə görüşündə bəyan edib. Bu barədə Trend Azərbaycan XİN-in mətbuat mərkəzinə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatın üzvü olan Ermənistan, beynəlxalq hüquq normalarını və götürdüyü öhdəlikləri pozaraq, Azərbaycan ərazilərinin bir hissəsini işğal etmiş, bir milyona yaxın insanı doğma torpaqlarından didərgin salmışdır. "Beynəlxalq ictimaiyyət Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırmalıdır", - deyə nazir qeyd edib.
AŞPA həmməruzəçiləri münaqişənin sülh yolu ilə nizamlanması prosesinin davam edəcəyinə ümidvar olduqlarını bildirib.