...

Bakıda Qarabağla bağlı əlaqələndirici və məşvərətçi qurum yaradılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Doqquz təşkilat, millət vəkili və politoloqun təşəbbüsü ilə növbəti Qarabağ Forumu keçiriləcək. Bu barədə təşəbbüskarlardan biri olan Qarabağ Azadlıq Təşkilatından (QAT) məlumat verilib.

Forumda Qarabağın taleyi ilə bağlı hazırkı vəziyyət və münaqişənin həlli yolları haqda müzakirələr aparılacaq, Azərbaycan ərazisi olan Dağlıq Qarabağın "statusu" ilə əlaqədar "referendum" ideyasına münasibət bildiriləcək. Həmçinin bu münaqişə ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrinin birgə fəaliyyət göstərməsi üçün əlaqələndirici və məşvərətçi qurumun yaradılması nəzərdə tutulur.

Qarabağ Forumu iyunun 13-də saat 12.00-da Bakının Beynəlxalq Mətbuat Mərkəzində işinə başlayacaq.

Xatırladaq ki, QAT-ın təşkilatçılığı ilə mayın 25-də Qarabağ Forumu keçirilmişdi.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Ermənistan tərəfi Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün həmin ərazidə referendum keçirilməsində israr edir. Azərbaycan Konstitusiyasına görə isə referendum bütün ölkə ərazisində keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti