...

Azərbaycanın ictimai-siyasi qüvvələri Qarabağla bağlı fövqəladə hərbi vəziyyət elan olunmasını vacib sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın ictimai-siyasi qüvvələri Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarının dayandırılması və torpaqların azad edilməsi üçün fövqəladə hərbi vəziyyət elan olunmasını vacib sayır. Bu fikir çərşənbə günü Bakıda bütün müxalifət partiyalarının, geyri-hökumət təşkilatları və ziyalıların iştirakı ilə keçirilən Qarabağ Forumunda səsləndirilib.

Millət vəkili Pənah Hüseyn qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrindən istifadə edərək öz Konstitusiyasının tələblərini yerinə yetirməli, fövqəladə hərbi vəziyyət zamanı isə bütün partiyalar öz siyasi fəaliyyətlərini dayandırmalıdırlar.

Musavat Partiyasının başqanı İsa Qəmbər qeyd edib ki, 1997-ci ildə iqtidarlı, müxalifətli bütün siyasi partiyaların Qarabağla bağlı birgə sənədi imzalandı. Orada heç kəsin Qarabağ problemindən öz məqsədləri üçün istifadə etməməsinə dair öhdəlik götürüldü. Qəmbər bu sənədin hələ də qüvvədə olduğunu deyib. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarından heç bir nəticə gözlənilmir.

AXCP sədri Əli Kərimli qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi təklifi Azərbaycana qarşı təhqirdir. O hesab edir ki, Azərbaycan ümumiyyətlə Dağlıq Qarabağın müqəddəratının təyin edilməsi ilə bağlı referendum keçirilməsi məsələsini müzakirə belə etməməlidir. Kərimli Kosovada yarana biləcək presedentin Azərbaycan üçün böyük təhlükə yaradacağını deyib.

Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan qeyd edib ki, Qarabağda ermənilərə veriləcək statusun müqabilində Ermənistan ərazisində azərbaycanlıların İrəvan-Zəngəzur Muxtar Vilayəti yaradılmalıdır və sülh danışıqları da bu prinsip üzərində qurulmalıdır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında bildirib ki, ermənilər və beynəlxalq vasitəçilər qarşısında konkret müddət qoyulmalı, bu müddət bitdikdən sonra Azərbaycan torpaqlarını azad etmək üçün ciddi addımlar atmalıdır. Həsənquliyev təklif edib ki, Azərbaycanda böyük maliyyə tutumlu tədbirlərin, layihələrin icrası Qarabağın azad edilməsindən sonraya saxlanılmalıdır. Millət vəkili onu da deyib ki, Azərbaycan müxalifəti sırf beynəlxalq dəstək almaq üçün Qarabağla bağlı bəyanatlar verməməli, "bu problemin həlli yalnız demokratik qüvvələrin hakimiyyətə gəlməsindən keçir" fikrini dünyaya bəyan etməməlidir.

AMİP lideri Etibar Məmmədov qeyd edib ki, Qarabağ danışıqlarının əsas prinsipləri müəyyənlişdirilərək Azərbaycan iqtidarı qarşısında şərt kimi qoyulmalıdır. Məmmədov hesab edir ki, nə qədər ki, Azərbaycanın nefti var, heç bir beynəlxalq qüvvə Azərbaycanı işğalla barışmağa məcbur edə bilməz. O, Azərbaycanın Amerika və Russiyadan deyil, yalnız öz milli maraqlarından asılı olmasının vacibliyini vurğulayıb.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmaylov Azərbaycanın ərazi bütövlüyünün heç bir beynəlxalq qurum və xarici dövlətlər tərəfindən təmin edilməyəcəyini deyib.

Forumun sonunda vahid sənəd qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti