...

Azərbaycan XİN separatçıların Dağlıq Qarabağda "prezident seçkiləri" keçirmək istəklərini pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2007 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov, A.Bədəlova/ Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda separatçı rejimin iyulun 19-da "prezident seçkiləri" keçirmək istəyi ilə bağlı bəyanatla çıxış edib. "Bu cür seçkilərin keçirilməsi Azərbaycan Respublikası Konstitusaiyasının, beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir və heç bir hüquqi nəticəsi ola bilməz", - deyə nazirliyin cümə axşamı yaydığı bəyanatda bildirilib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən seçkilər o zaman ədalətli və azad hesab oluna bilər ki, seçkidə regionun erməni əhalisi ilə bərabərhüquqlu surətdə azərbaycanlı əhalisi də iştirak etsin. "Bu cür seçkilərin keçirilməsi Ermənistanın hərbi qüvvələrini regiondan çıxarmasından, regionda vəziyyətin normallaşmasından, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dialoq və əməkdaşlığı üçün lazımi şərait yaradılmasından sonra mümkün ola bilər", - deyə sənəddə qeyd edilib.

Bəyanatda Azərbaycan Respublikası Ermənistan tərəfini heç bir perspektivi olmayan qeyri-qanuni addımlar atmamağa, münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunması üçün konstruktiv mövqe tutmağa çağırıb.

XİN bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı reşim Ermənistanın azərbaycanlılara qarşı həyata keçirmiş olduğu etnik təmizləmə siyasəti nəticəsində yaradılan qeyri-qanuni qurumdur.

Xəbər lenti

Xəbər lenti