...

Amerikalı diplomat: Ermənistan və Azərbaycan prezidentləri mühüm qərar qəbul etməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2007 17:31 (UTC +04:00)
Amerikalı diplomat: Ermənistan və Azərbaycan prezidentləri mühüm qərar qəbul etməlidirlər

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova, K.Ramazanova/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları elə bir mərhələdədir ki, burda Ermənistan və Azərbaycan prezidentləri mühüm və sərt qərarlar qəbul etməlidirlər. "Onlar siyasi iradə nümayiş etdirməlidirlər", - deyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Vaşinqtonda Təhlükəsizlik üzrə Amerika-Azərbaycan məsləhətləşmələrinin nəticələri ilə bağlı mətbuat konfransı ərəfəsində bildirib.

Diplomatın sözlərinə görə, xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılan məsləhətləşmələrdə, həmçinin Ermənistan və Azərbaycan XİN rəhbərləri öz səlahiyyətləri çərçivəsində bu iradəni nümayiş etdirirlər və münaqişənin həlli üzrə danışıqları aparırlar.

Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır deyə Brayza davam edib. "Biz iki fundamental prinsip - ölkələrin ərazi bütövlüyü və insanların öz müqəddəratını həll etmək hüququ əsasında kompromisə nail olunmasını arzu edirik. Diplomatlar qarşılıqlı şəkildə qəbul olunacaq həlli tapmalıdırlar",-deyə o qeyd edib.

Xarici işlər nazirinin müavini Araz Əzimov isə mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi çox çətin və uzadılmış bir münaqişədir. Bu münaqişə hər iki xalq üçün ağır nəticələrə sabəb olub, amma Azərbaycan bundan daha çox zərər çəkib. "Uzunmüddətli işğaldan heç kim qazanmayıb. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı danışıqlar davam edəcək",-deyə o bildirib.

Ermənistan və Azərbyacan prezidentlərinin iyun ayında Sankt-Peterburq görüşünə toxunan Əzimov tərəflərin qarşılıqlı anlaşmaya nail olmağa səy göstərdiklərini bildirib.Ermənistan və Azərbaycan ziyalılarının bir müddət öncə Dağlıq Qarabağ, İrəvan və Bakıya səfəri haqda danışan Əzimov bəyan edib ki, missiyanın qarşısında hər hansı bir konkret tapşırıq yox idi, ancaq obyektiv məlumat alınması istəyi ilə təşkil olunmuşdu. "Çox mühümdür ki Ermənistanda ictimai təsir imkanı olan ziyalılar Bakıya səfər etdilər, şəhərin inkişafını gördülər, Şuşada dağıdılmış məscidin müqabilində Bakıdakı erməni kilsəsində oldular. Nəhayət, onlar prezident Əliyevlə görüşdülər və ondan bizim münaqişə ilə bağlı mövqeyimizi eşitdilər. Mən ümid edirəm ki, Ermənistana qayıdarkən bu səfər onlara vəziyyəti qiymətləndirməyə imkan verəcək",-deyə o söyləyib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti