Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının hamısını bir qurumda toplamaq çətindir, çünki onların bir-biri ilə problemləri var. Bu fikirləri bazar ertəsi Trend ə açıqlamasında Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.
Müxalifəti təmsil edən ASDP, AMİP, ADP, Müsavat və Tərəqqi partiyaları yeni məşvərət qurumu yaradaraq mütəmadi toplantılar keçirirlər. Qalan müxalifət partiyaları isə bu formatdan kənardadır.
Dəmiroğlunun sözlərinə görə, məşvərət qurumunun bu tərkibdə formalaşdırılması əvvəldən düşünülmüşdü. Başqa qurumlardan yalnız üç partiyanın təmsil olunduğu "Azadlıq" blokuna (AXCP, ALP və VİP) müraciət edilmişdi. "Azadlıq" bloku isə məşvərət qurumuna qoşulmaqdan imtina edib.
"Tərəqqi" sədri bildirib ki, digər tanınmış partiyaların, məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) məşvərət qurumuna dəvət edilməməsinin səbəbi isə onun iqtidara qarşı loyal mövqe tutması ilə bağlıdır: "Həmçinin parlamentdə təmsil olunan müxalifət partiyalarına da münasibət fərqlidir" - deyə Dəmiroğlu VHP sədri Sabir Rüstəmxanlının Milli Məclisin deputatı olmasına işarə edib.
"Tərəqqi" sədri əlavə edib ki, müxalifət partiyalarının özlərinin bir-biri ilə münaqişələri də hamının bir yerdə olmasını əngəlləyir.