...

Gənc hüquqşünaslar üçün hazırlıq kursu təşkil olunub

Siyasət Materials 6 Oktyabr 2007 13:03 (UTC +04:00)
Gənc hüquqşünaslar üçün hazırlıq kursu təşkil olunub

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İşə qəbulla bağlı müsabiqələrə hazırlıq məqsədilə gənc hüquqşünaslar üçün hazırlıq kursu təşkil olunub. Şənbə günü Məhkəmə-Hüquq Şurasında kursun açılışı olub.

Məhkəmə-Hüquq Şurası və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil edilmiş kursda iştirak etmək üçün hakimliyə, dövlət qulluğuna, hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına sənəd vermiş 40-dan çox namizəd müraciət edib.

Kursda insan hüquqlarının təmin edilməsi üzrə ölkədaxili və beynəlxalq vasitələr, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mahiyyəti barədə təcrübəyə malik mütəxəssislərin, beynəlxalq ekspertlərin mühazirələri nəzərdə tutulub.

Açılışda iştirak edən Məhkəmə-Hüquq Şurasının üzvü, millət vəkili Əli Hüseynov məhkəmə sistemində həyata keçirilən tədbirlər, onların insan haqlarının qorunmasında rolunu vurğulayıb, gənc hüquqşünaslarla keçirilən hazırlıq kursunun əhəmiyyətini qeyd edib.

İnsan Hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının Azərbaycan qanunvericilyinə implentasiyası (tətbiqi) mövzusunda kurs iştirakçılarına məlumat verən millət vəkili qeyd edib ki, Azərbaycan Konstitusiyası Avropa Konvensiyasına uyğunlaşdırılıb.

Onun sözlərinə görə, 2002-ci ildə İnsan hüquq və azadlıqlarının tətbiqi ilə bağlı qəbul edilmiş Konstitusiya Qanunu ilə insan hüquqlarının tətbiqində Avropa Konvensiyasının nəzərdə tutduğu məhdudiyyətlər Konstitusiyaya daxil edilib: "O vaxt bizim opponentlər bunu insan hüquqlarınınn məhdudlaşdırılması kimi qiymətləndirdi. Əslində, Konstitusiyada insan hüquqlarının məhdudiyyətlərinin çərçivəsi göstərilməsəydi, onda bu, həmin hüquqların müdafiəsi ilə bağlı müəyyən problemlər yaradardı".

Məhkəmə-Hüquq Şurasının üzvü milli qanunvericiliklə Avropa Konvensiyası arasında müəyyən ziddiyyətlərin hələ də qaldığını deyib.

Hüseynov hərbçilərin məhkəmədən kənar həbsi, alternativ xidmət və digər məsələlərlə bağlı qanunvericilikdə ziddiyyətlərin olduğunu və bu problemlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə kurs iştirakçılarını məlumatlandırıb.

Mühazirədən sonra millət vəkili kurs iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Dərslər hər həftənin şənbə günləri keçiriləcək.

Kursları bitirənlərə sertifikatlar veriləcək.

Xəbər lenti

Xəbər lenti