...

Federasiya Şurası Komitəsinin rəhbəri: "Ankaranın İraqda fəal hərbi əməliyyatlara başlaması bütün regionda münaqişənin yaranmasına səbəb ola bilər"

Siyasət Materials 24 Oktyabr 2007 16:12 (UTC +04:00)
Federasiya Şurası Komitəsinin rəhbəri: "Ankaranın İraqda fəal hərbi əməliyyatlara başlaması bütün regionda münaqişənin  yaranmasına  səbəb ola bilər"

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova / Ankaranın İraqda kürd silahlılarına qarşı fəal hərbi əməliyyatlara keçməsi qonşu ölkələrin iştirakı ilə regional münaqişənin yaranmasına səbəb ola bilər. "Ankaranın İraq ərazisində fəal hərbi əməliyyatlara keçdiyi təqdirdə, dövlətlərarası münaqişə baş qaldıra bilər ki, bu münaqişə bütün regionu əhatə edə və təkcə Türkiyə və İraqa deyil, eləcə də, qonşu Suriya və İrana təsir göstərə bilər" - deyə Rusiyanın Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Mixail Margelov hesab edir.

Rəsmi Ankara təsdiq edir ki, İraqın şimalındakı dağlıq ərazilərdə Kürd Fəhlə Partiyasının (KFP) müntəzəm olaraq Türkiyə ərazisində terror aktları törədən, ən azı, üç min döyüşçüsü gizlənir. Türkiyə parlamenti oktyabrın 17-də ölkə hakimiyyətinin, başda Baş nazir Rəcəb Tayyip Ərdoğan olmaqla, İraqın şimalında kürd separatçılarına qarşı transsərhəd hərbi əməliyyatlarına başlamaq barədə müraciətini qəbul edib.

Çərşənbə günü Margelov telefonla Trend ə verdiyi məlumatda bildirib ki, Ankaranın problemi silahla, suveren dövlətin ərazisinə soxulmaqla həll etmək niyyətini yalnız pisləmək olar. "Livan-İsrail müharibəsinin timsalında gördüyümüz kimi, belə tədbirlərin nəticəsi müvəqqəti olur" - deyə politoloq bildirib. O hesab edir ki, yaranmış vəziyyətdən yalnız bir çıxış yolu var: İraqda mərkəzləşdirilmiş hökumətin olması. "İraq-Türkiyə sərhədində vəziyyətin normallaşması yalnız İraqda ölkəni nəzarətdə saxlaya biləcək mərkəzləşmiş hökumətin yarandığı təqdirdə mümkündür" - deyə o bildirib. "Lakin təəssüflər olsun ki, nə rəsmi Bağdad, nə də ABŞ belə bir təminat verə bilməzlər".

Margelovun fikrincə, Türkiyə başqa bir mövqe tutmalıdır, yəni İraq hökumətinə özünü təsdiq etməkdə kömək etməli, yalnız bundan sonra dağıdılmış infrastrukturu, təhlükəsizlik sistemini və nəzarəti bərpa etməli, "ölkədəki sabitliyi pozmamalıdır".

Türkiyə və İraq 2007-ci ilin avqustun əvvəlində kürd döyüşçülərinə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Anakara dəfələrlə kürd yaraqlılarının, Türkiyə ərazisində yerləşən obyektlərə hücum etmək üçün, əməliyyat meydanı kimi istifadə etdiyi İraqın şimal ərazilərində kürdlərə qarşı zor tətbiq edəcəyi barədə xəbərdarlıq edib. Ötən dövr ərzində Ankara bir neçə dəfə İraqın şimalında kürd rayonlarına hərbi qüvvələr göndərib.

Türkiyənin kürdlərə qarşı hərbi əmliyyatlara hazırlaşması beynəlxalq aləmdə regional münaqişənin meydana gələcəyi və Yaxın Şərqdə onsuz da ağır olan vəziyyətin daha da ağırlaşacağından narahatlıq doğurub. Aİ və ABŞ artıq Türkiyəni zor tətbiq etməkdən çəkinməyə və problemi İraq hökuməti ilə əməkdaşlıq yolu ilə həll etməyə çağırıb. ABŞ Konqresində qondarma "erməni soyqırım"nı tanıyan qətnamənin nəzərdən keçirilmə proseduru hələ də davam etdiyi üçün, Vaşinton və Ankara arasında bu məsələ ilə aparılan dioloq gərginləşməkdədir.

Xəbər lenti

Xəbər lenti