...

"Damazlıq heyvandarlıq haqqında" qanun layihəsi hazırlanıb

Siyasət Materials 31 Oktyabr 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması üçün heyvandarlığı inkişaf etdirmək lazımdır. Bu barədə Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının çərşənbə günü keçirilən iclasında "Damazlıq heyvandarlıq haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı komissiyanın sədri, deputat Eldar İbrahimov bildirib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Milli Məclisə göndərilən "Damazlıq heyvandarlıq haqqında" yeni qanun layihəsi heyvandarlıqda damazlıq işinin təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, damazlıq heyvandarlıq subyektləri arasında münasibətləri tənzimləyir.

"Damazlıq heyvandarlıq haqqında" qanun layihəsi hazırlamaqda məqsəd kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmaq, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins heyvanlar yetişdirmək, onların təkrar istehsalını və səmərəli dövrüyyəsini təşkil etməkdir. Eyni zamanda, yerli heyvan cinslərinin, azsaylı və nəsli kəsilmək təhlükəsi qarşısında olan digər cinslərin və biomüxtəlifliyin genefondunun qorunub saxlanılması üçün hüquqi zəmin yaratmaqla, ölkədə heyvandarlığın intensiv inkişafına nail olmaqdır. Qanun layihəsində kənd təsərrüfatı mütəxəsislərinin hazırlanması da nəzərdə tutulub.

Komissiyanın iclasında qeyd olunub ki, 1996-cı ildə "Damazlıq işi haqqında" Qanun qəbul olunub. Hazırda bu Qanun günün tələblərinə cavab vermir. Ona görə də "Damazlıq heyvandarlıq haqqında" yeni qanun layihəsi hazırlanıb.

İbrahimovun sözlərinə görə, 1996-2006-cı illərdə heyvandarlıqda 6,1% artım olub. Bu da aşağı göstəricidir. 2006-cı ildə isə, Azərbaycanda adambaşına 22 kq ət, 122 kq süd istehsal olunub. Statistik məlumatlara görə, 2006-cı ildə Azərbaycanda 1 milyon 300 min ton süd istehsal olunub. Ölkə üzrə təlabat 3 milyon 300 min tondur. Hazırda 22 dövlət damazlıq təsərüffatı fəaliyyət göstərir.

"Təlabatı ödəmək üçün xarici ölkələrdən ət və süd məhsulları gətirilir. Bu da məhsulların bir-birinə qarışması və keyfiyyətin aşağı düşməsi ilə nəticələnir. Əhalinin heyvandarlıq məhsullarına tələbatını nəzərə alaraq, bu sahəyə dövlət himayəsinin artırılması vacibdir. Heyvandarlığın inkişafı isə, damazlıq işinin inkişafından asılıdır", -deyə komissiya sədri bildirib.

Onun sözlərinə görə, 2008-ci ilin dövlət büdcəsində 2007-ci illə müqayisədə, kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitin 7 milyon manatadək artırılması nəzərdə tutulub.

Kənd Təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, nazirlik kənd təsürüfatının inkişaf konsepsiyası hazırlayıb. Artıq 10 beynəlxalq təşkilat konsepsiyaya müsbət rəy verib.

Qanun layihəsinin, verilmiş təkliflər əsasında təkmilləşdirildikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti