...

Müxalifət partiyası seçki komissiyalarının namizədlərin nümayəndələrindən ibarət formalaşdırılmasını təklif edir

Siyasət Materials 7 Noyabr 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) seçki komissiyalarının tərkibinin seçkidə iştirak edən namizədlərin nümayəndələrindən ibarət formalaşdırılmasını təklif edir. Bu barədə Trend ə ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib.

Azərbaycanın Seçki Məcəlləsinə dəyişiklik olunacağı gözlənilir. Avropa Şurasının Venesiya Komissiyası və İFES-in birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 7-8 və 9-da Bakıda Seçki Məcəlləsinin müzakirələrinə dair keçiriləcək toplantılarda seçkilərlə əlaqədar şikayətlərə baxılması proseduruna və seçki komissiyalarının tərkibinin formalaşdırılması qaydalarına dəyişiklik edilməsi müzakirə olunacaq.

Əlizadə təklif edir ki, indiki seçki komissiyaları ləğv olunsun və yeni komissiyaların təşkili iki mərhələdən ibarət olsun. Birinci mərhələdə tərəfsiz mütəxəssislərdən ibarət komissiya yaradılsın və o, namizədlərin qeydiyyatını aparsın. Ondan sonra namizədliyi qeydə alınmış şəxslərin nümayəndələrindən ibarət seçki komissiyaları formalaşdırılsın.

ASDP rəhbəri hesab edir ki, müxalifətin təklif etdiyi seçki komissiyalarının iqtidarla müxalifət arasında paritet formalaşdırılmasının heç bir perspektivi yoxdur: "Bu təkliflə onlar öz mənfəətlərini güdürlər" - deyə Əlizadə bildirib.

Hazırkı seçki komissiyaları parlamentdə çoxluq təşkil edən, azlıqda qalan partiyaların və bitərəf deputatların nümayəndələrindən ibarət formalaşdırılıb.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

Xəbər lenti

Xəbər lenti