...

Prezident seçkisinin lideri İlham Əliyev olacaq - Azərbaycanın solçu müxalif partiyasının həmsədri

Siyasət Materials 6 Dekabr 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Q.Cəbiyev/ Azərbaycanın solçu müxalif partiyası prezident seçkisində hakim partiyanın namizədinin qələbə çalacağını bəyan edir. "Gələn il keçiriləcək seçkilərin lideri indiki prezident İlham Əliyev olacaq" cümə axşamı Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Azərbaycanda prezident seçkisi 2008-ci ilin oktyabrında keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) indiki prezident Əliyevin namizədliyini irəli sürüb. Azərbaycanın müxalif Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarını özündə birləşdirən "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyini bəyan edib. Onlar bildiriblər ki, seçki qanunvericiliyi təkmilləşdirilməsə, seçkilərə qatılmayacaqlar.

Əlizadə deyib ki, prezident seçkilərinə qədər siyasi qüvvələr "ana müxalifət" rolunu öz üzərlərinə götürmək uğrunda mübarizə aparacaqlar. ASDP həmsədri hesab edir ki, seçkilər ərəfəsi müxalifətin birləşməsi qeyri-realdır. Onun bildirdiyinə görə, ASDP-nin 2008-ci il prezident seçkiləri ilə bağlı rəsmi qərarı gələn ilin yazında partiyanın növbəti qurultayında veriləcək. Əlizadə partiyanın YAP-ın namizədini dəstəkləyib-dəstəkləməyəcəyi məsələsinin qurultayda müəyyənləşəcəyini deyib.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti