...

ABŞ səfirliyi Azərbaycandakı siyasi partiyaların hamısı ilə əməkdaşlığa hazırdır - səfirliyin şöbə müdiri

Siyasət Materials 13 Dekabr 2007 14:35 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycandakı siyasi partiyaların hamısı ilə əməkdaşlığa hazırdır - səfirliyin şöbə müdiri

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu "Azadlıq" blokunda təmsil olunan partiyaları - AXCP, VİP və ALP-ni ABŞ-ın Azərbaycandakı səfirliyinin sifarişi ilə fəaliyyət göstərməkdə ittiham edir. Bu barədə Qəzənfəroğlu Trend ə açıqlamasında bildirib.

Müxalifətin böyük bir hissəsinin - 16 siyasi partiya arasında çərşənbə günü əməkdaşlığa dair sazişi bağlanıb. Bu sazişə "Azadlıq" bloku qoşulmayıb.

Sazişdə iştirak edən Qəzənfəroğlu hesab edir ki, "Azadlıq" blokunun müxalifətin böyük bir hissəsindən özünü kənarda qoymasının səbəbi blokun fəaliyyətində müstəqil olmamasıdır. Qəzənfəroğlunun fikrincə, "Azadlıq" bloku ABŞ səfirliyinin "diktəsi ilə hərəkət edir": "ABŞ səfirliyinin partiyaları, yəni "Azadlıq" bloku, səfirliyin, ABŞ-ın Milli Demokratiya İnstitutunun izacəsi olmadan kiminləsə görüşməyə, əməkdaşlıq etməyə ixtiyarı yoxdur" - deyə Qəzənfəroğlu bildirib.

"16-lara" daxil olan digər partiyalar - Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc da Trend ə açıqlamalarında bildirmişdilər ki, "Azadlıq" blokunun xarici qüvvələrdən asılılığı var və onların maraqlarına xidmət edir, tapşırıqlarını yerinə yetirirlər.

"Azadlıq" blokunun həmsədri Əli Əliyev cümə axşamı Trend ə açıqlamasında bildirib ki, bu partiyaların ittihamları əsassızdır və blokun ABŞ səfirliyi, MDİ ilə fövqəladə yaxınlığı yoxdur: "Beynəlxalq qurumların və xarici dövlətlərin Azərbaycanla bağlı ikili standartlardan çıxış etməsini ən çox tənqid edən siyasi qurum "Azadlıq" blokudur. ABŞ səfirliyinin Azərbaycandakı siyasi partiyalarla əməkdaşlıq protokoluna 7-8 partiya daxildir. Bəzi partiyaların "Azadlıq" blokunu səfirliklə əməkdaşlığa görə ittiham etməsinin səbəbi isə çox güman odur ki, blokun siyasi gücü, potensialı belə partiyaları narahat edir" Əliyev bildirib.

Blok həmsədrinin fikrincə, həmin partiyaların diplomatik korpusla, yaxud beynəlxalq qurumlarla problemləri varsa, buna görə başqa siyasi partiyalara qısqanclıqla yanaşmamalıdır.

Əliyev əlavə edib ki, "Azadlıq" blokunun 16 partiyanın əməkdaşlığına qoşulmamasının səbəbi odur ki, blok çox geniş formatlı birliyin perspektivli olmadığını, burada fəaliyyət imkanlarının məhdudlaşdığını düşünür.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik cümə axşamı Trend ə açıqlamasında bildirib ki, səfirliyin "Azadlıq" bloku ilə başqa partiyalardan fərqli yaxınlığı yoxdur. Onun sözlərinə görə, səfirlik Azərbaycanda bütün siyasi partiyalarla danışıqlara, əməkdaşlığa hazırdır: "Biz heç bir siyasi partiyaya üstünlük vermir, konkret olaraq heç kimi dəstəkləmir və partiyalar arasında fərq qoymuruq" - deyə diplomat bildirib. Henik əlavə edib ki, partiyalara texniki və maddi yardımları isə səfirlik deyil, ABŞ-ın beynəlxalq və qeyri-hökumət təşkilatları həyata keçirir.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur. AXCP sədri sabiq dövlət katibi (1992-ci il) və sabiq millət vəkili Əli Kərimli, ALP-nin lideri sabiq dövlət katibi (1995-ci il), 2003-cü ildə prezidentliyinə namizəd olmuş Lalə Şövkətdir.

Müxalifətçi Böyük Quruluş Partiyası 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Fazil Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti