...

Hakim partiyanın deputatları Kənd Təsərrüfatı Nazirliyini ittiham ediblər

Siyasət Materials 17 Dekabr 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin deputatları Kənd Təsərrüfatı Nazirliyini ölkədə kənd təsərrüfatını, o cümlədən heyvandarılığı, taxılcılıq və pambıqçılığı məhv etməkdə ittiham ediblər. "Azərbaycanda pambıqçılıq məhv olub. Eyni zamanda, rayonlarda süd tapılmır. Heyvandarlıq təsərrüfatları dağılıb, məhv olub. Kənd Təsərrüfatı Nazirliyi bu səhələrin inkişafı ilə məşğul olmur. Bir dönüb kəndə baxın görün kənd təsərrüfatı nə vəziyyətdədir" - deyə Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının bazar ertəsi keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Gülhüseyn Əhmədov bildirib.

Komissiyanın iclasında "Damazlıq heyvandarlıq haqqında" qanun layihəsi müzakirə olunub. Qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirə edilib və qəbul olunub.

Layihənin hazırlanmasında məqsəd kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmaq, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins heyvanlar yetişdirmək və ölkədə heyvandarlığın intensiv inkişafına nail olmaqdır.

Layihədə damazlıq heyvandarlıq sahəsində vahid elmi-texniki siyasət formalaşdırmaq və həyata keçirmək, dövlət proqramlarının, müvafiq heyvan növləri və cinsləri, həmçinin damazlıq heyvandarlıq təsərüfatları üzrə seleksiya-damazlıq proqramı və ləyihələrinin işlənib hazırlanması və həyata keçirilməsinin təşkili üçün dövlət damazlıq xidmətinin yaradılması nəzərdə tutulub.

Müzakirələr zamanı məlum olub ki, kənd təsərrüfatı naziri İsmət Abasov dövlət damazlıq xidmətinin yaradılmasının əleyhinədir.

Əhmədov qeyd edib ki, 2004-cü ildə Saatlı rayonunda 35 min ton pambıq yığılıb. 2005-ci ildə bu rəqəm 32 min tona düşüb. Bu il isə yarıya qədər azalıb və cəmi 18-19 min ton pambıq yığılıb.

"Kənd Təsərrüfatı Nazirliyində bu qanunun qəbul olunması ilə bağlı fikir ayrılığı var. Amma bunun bizə adiyyatı yoxdur. Qanunu qəbul etməliyik. Lakin qanun kağız üzərində qalacaq. Çünki Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda nümayəndəlikləri yoxdur" - deyə Əhmədov əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən digər deputat Miri Qənbərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyində qanun layihəsini qəbul etmirlər: "Bu düzgün deyil. Azərbaycanda heyvandarlıq təsərrüfatları məhv olub. Qanunun qəbul olunmasından ölkə yalnız xeyir götürəcək".

Komissiyanın sədri, hakim partiyanı təmsil edən millət vəkili Eldar İbrahimov vurğulayıb ki, Azərbaycanda heyvandarlıq böhran dövrünü yaşayır. Ona görə də hazırkı vəziyyətin dəyişməsi üçün dövlət damazlıq xidməti yaradılmalıdır: "Parlament qanunu qəbul etməlidir. Dövlət damazlıq xidmətini yaradıb-yaratmamaq kənd təsərrüfatı nazirinin işidir. İstəməz yaratmaz".

İclsada iştirak edən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev də deputatların mövqeyini dəstəkləyib.

"Mən belə hesab edirəm ki, nazirlikdə bu qanunun mahiyyətini dərk etmirlər. Ölkədə heyvandarlıq böhran dövrünü yaşayır və vəziyyəti dəyişmək üçün dövlət damazlıq xidməti yaradılmalı, sistem qurulmalıdır. Ona görə də qanunun bu formada qəbul olunmasını dəstəkləyirəm" - deyə nazir müavini əlavə edib.

Sonda qanun layihəsinin ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılması tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti